| ← Zechariah (9/14) → |
| 1. | Bu xəbərdarlıq Xadrak ölkəsi və onun rahatlıq yeri Dəməşq şəhəri barəsində nazil olan Rəbbin sözüdür, çünki insanların və bütün İsrail qəbilələrinin gözü Rəbbə baxır. |
| 2. | Bu söz oranın sərhədində olan Xamat şəhərinə, çox tərəqqi etmiş Sur və Sidon şəhərlərinə də aiddir. |
| 3. | Sur özünə bir qala tikdi, torpaq qədər gümüş, küçə palçığı qədər saf qızıl yığdı. |
| 4. | Amma Rəbb onu qovacaq, dənizdəki gücünü yox edəcək, od onu yandırıb-yaxacaq. |
| 5. | Aşqelon bunu görüb qorxacaq, Qəzzə də çox ağrı çəkəcək, Eqron da eləcə, çünki ümidi sönəcək. Qəzzədə padşah olmayacaq, Aşqelon sakinsiz qalacaq. |
| 6. | Aşdodda bic doğulanlar yaşayacaq, Filiştlilərin qürurunu qıracağam. |
| 7. | Ağızlarından qanı daman əti, dişlərinin arasından haram yeməkləri alacağam. Onların sağ qalanları Allahımıza məxsus olub Yəhudanın bir nəsli kimi olacaq. Eqronlular da Yevuslular kimi olacaq. |
| 8. | Hücum edən ordulara qarşı evimin ətrafında ordugah quracağam. Heç bir istilaçı daha xalqımın üzərinə tökülməyəcək. Çünki artıq xalqıma Mən keşik çəkirəm. |
| 9. | Ey Sion qızı, böyük sevinclə coş, Ey Yerusəlim qızı, hayqır! Bax padşahın sənə tərəf gəlir. O ədalətli və xilaskardır. O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir. |
| 10. | Döyüş arabalarını Efrayimdən, Atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız millətlərə sülh elan edəcək. Onun hökmranlığı dənizdən dənizə, Çaydan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq. |
| 11. | Sizə gəlincə, əhd qurbanının qanından ötrü Sürgündəki xalqınızı Susuz quyudan çıxarıb xilas edəcəyəm. |
| 12. | Qalanıza qayıdın, Ey ümid edən əsirlər! Bu gün sizə bildirirəm ki, Sizə zəhmətinizin ikiqat əvəzini verəcəyəm. |
| 13. | Yəhudanı Özüm üçün kaman kimi çəkəcəyəm, Efrayimi ox kimi ona qoyacağam. Ey Sion, övladlarını Yunan övladlarının üstünə qaldıracağam. Səni bir döyüşçü qılıncı tək edəcəyəm. |
| 14. | Onda Rəbb xalqının üzərində görünəcək, Onun oxu şimşək kimi çaxacaq. Xudavənd Rəbb şeypur çalacaq, Cənub qasırğaları ilə irəli gedəcək. |
| 15. | Onları Ordular Rəbbi qoruyacaq. Düşmənlərini tələf edəcəklər, Sapand daşları ilə qırıb-çatacaqlar. Onların qanını şərab kimi içib hay-küy salacaqlar. Qurban qanı tökülən qablar kimi, Qurbangahın künc-bucaqları kimi Qanla dolu olacaqlar. |
| 16. | O gün özlərinin Allahı Rəbb Xalqının sürüsü kimi onları xilas edəcək. Onlar Onun torpağında Tac daş-qaşı kimi parıldayacaq. |
| 17. | Necə yaraşıqlı, necə gözəl olacaqlar! Oğlanlar taxılla, Qızlar təzə şərabla gücə gələcək. |
| ← Zechariah (9/14) → |