| ← Zechariah (8/14) → | 
| 1. | Mənə Ordular Rəbbinin bu sözü nazil oldu: | 
| 2. | Ordular Rəbbi belə deyir: «Sion üçün böyük qısqanclıq duyuram. Bəli, onu çox qısqanıram». | 
| 3. | Rəbb belə deyir: «Siona qayıtdım, artıq Yerusəlimdə yaşayacağam. Yerusəlim Həqiqət şəhəri, Ordular Rəbbinin dağı Müqəddəs dağ çağırılacaq». | 
| 4. | Ordular Rəbbi belə deyir: «Yenə Yerusəlim meydanlarında qoca kişilər və qadınlar oturacaq, hər kəs yaşı çox olduğuna görə əlinə əsa alacaq. | 
| 5. | Şəhərin meydanları orada oynayan oğlan və qız uşaqları ilə dolacaq». | 
| 6. | Ordular Rəbbi belə deyir: «O günlər bu xalqın sağ qalanlarının gözündə bu iş qeyri-mümkün görünürsə, Mənə də belə görünməlidirmi?» bəyan edir Ordular Rəbbi. | 
| 7. | «Bax Mən Öz xalqımı şərq və qərb ölkələrindən qaytaracağam» deyir Ordular Rəbbi. | 
| 8. | «Mən onları gətirəcəyəm və onlar Yerusəlimdə yaşayacaq. Onlar Mənim xalqım olacaq, Mən də sədaqət və salehliklə onların Allahı olacağam». | 
| 9. | Ordular Rəbbi belə deyir: «Ordular Rəbbinin evinin – məbədin tikilməsi üçün təməli qoyulan gün orada peyğəmbərlərin dediyi bu sözləri o vaxt eşidənlər, qoy qolunuza güc gəlsin. | 
| 10. | O vaxtdan əvvəl insan yaxud heyvana heç bir əvəz verilmirdi. Düşmən üzündən heç kəs əmin-amanlıq içində gedib-gələ bilmirdi. Çünki adamları bir-birinin üstünə salışdırmışdım. | 
| 11. | Ancaq indi bu xalqın sağ qalanları ilə əvvəlki kimi rəftar etməyəcəyəm» bəyan edir Ordular Rəbbi. | 
| 12. | «Çünki əkilən toxum bəhərli olacaq: tənək bəhrəsini, torpaq məhsulunu, göylər şehini verəcək. Bunların hamısını bu xalqın sağ qalanlarına mülk olaraq verəcəyəm. | 
| 13. | Sizi qurtaracağam, ey Yəhuda və İsrail nəsli. Siz necə millətlər arasında lənət hədəfi oldunuzsa, indi bərəkət qaynağı olacaqsınız. Qorxmayın, qolunuza güc gəlsin». | 
| 14. | Ordular Rəbbi belə deyir: «Atalarınız Məni qəzəbləndirən zaman başınıza fəlakət gətirmək istədim və fikrimdən dönmədim» deyir Ordular Rəbbi. | 
| 15. | «İndi isə Yerusəlimə və Yəhuda nəslinə yenə yaxşılıq etmək fikrindəyəm. Siz qorxmayın! | 
| 16. | Belə edin: hər kəs öz qonşusuna həqiqəti söyləsin, əmin-amanlıq üçün şəhər darvazalarında sədaqət və ədalətlə mühakimə edin. | 
| 17. | Bir-birinizə qarşı ürəyinizdə pis niyyət tutmayın, yalandan and içməkdən əl çəkin, çünki bunların hamısı Mənim nifrət etdiyim şeylərdir» bəyan edir Rəbb. | 
| 18. | Mənə Ordular Rəbbinin bu sözü nazil oldu: | 
| 19. | Ordular Rəbbi belə deyir: «Dördüncü, beşinci, yeddinci və onuncu ayların orucları Yəhuda xalqı üçün sevinc və şadlıq dolu gözəl bayramlar olacaq. Ancaq siz düzgünlüyü və əmin-amanlığı sevin». | 
| 20. | Ordular Rəbbi belə deyir: «Hələ çoxlu xalq, çoxlu şəhərin əhalisi də gələcək. | 
| 21. | Bir şəhərdə yaşayanlar başqa şəhərə gedib deyəcək: “Gəlin yola düşək, Rəbbin hüzurunda yalvaraq, Ordular Rəbbini axtaraq. Mən də gedirəm”. | 
| 22. | Bir çox xalqlar və qüdrətli millətlər Ordular Rəbbini axtarmaq və Rəbbin hüzurunda yalvarmaq üçün Yerusəlimə gələcək». | 
| 23. | Ordular Rəbbi deyir: «O günlərdə müxtəlif dillərdə danışan millətlərdən olan on adam bir Yəhudinin ətəyindən yapışıb “qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik” deyəcək». | 
| ← Zechariah (8/14) → |