| ← Zechariah (6/14) → |
| 1. | Yenə başımı qaldırıb baxanda iki dağ arasından dörd döyüş arabasının çıxdığını gördüm. O dağlar misdən idi. |
| 2. | Birinci döyüş arabasının qırmızı, ikincisinin qara, |
| 3. | üçüncüsünün ağ, dördüncüsünün xallı atları var idi. Hamısı qüvvətli atlar idi. |
| 4. | Mənimlə danışan mələkdən «Ay ağam, bunlar nədir?» deyib soruşdum. |
| 5. | Mələk mənə cavab verdi: «Bunlar bütün yer üzünün Sahibinə xidmət etdikləri yerdən çıxan göylərin dörd səmtinin ruhudur. |
| 6. | Qara atları olan döyüş arabası şimal torpağına, ağ atları olan döyüş arabası qərbə, xallı atları olan döyüş arabası isə cənuba tərəf gedir». |
| 7. | Qüvvətli atlar çıxıb yer üzünü dolaşmaq üçün getmək istədi. Mələk «gedin yer üzünü dolaşın» dedi. Onlar da gedib yer üzünü dolaşdı. |
| 8. | Mələk məni çağırıb dedi: «Bax şimal torpağına gedənlər orada ürəyimi rahatlandırdı». |
| 9. | Mənə Rəbbin bu sözü nazil oldu: |
| 10. | «Hədiyyələri sürgündən qayıdanlardan – Babildən gələn Xelday, Toviya, Yedayadan götür və həmin gün Sefanya oğlu Yoşiyanın evinə get. |
| 11. | Onların arasından qızıl-gümüş götürüb taclar düzəlt və baş kahin Yehosadaq oğlu Yeşuanın başına qoy. |
| 12. | Ona söylə ki, Ordular Rəbbi belə deyir: “Bax ‹Pöhrə› adlanan adam budur! O olduğu yerdən qol-budaq atacaq, Rəbbin məbədini tikəcək. |
| 13. | Bəli, Rəbbin məbədini o tikəcək. O izzətlənəcək, taxtında oturub hökmranlıq edəcək. Taxtının yanında kahin olacaq, İkisinin arasında tam razılıq olacaq”. |
| 14. | Bu taclar Xeldayın, Toviyanın, Yedayanın, Sefanya oğlu Yoşiyanın xatirəsi kimi Rəbbin məbədinə qoyulacaq. |
| 15. | Uzaqda olanlar da gəlib Rəbbin məbədinin tikintisində çalışacaq. Onda biləcəksiniz ki, məni Ordular Rəbbi sizin yanınıza göndərmişdir. Əgər Allahınız Rəbbin səsinə yaxşı qulaq assanız, bunlar olacaq». |
| ← Zechariah (6/14) → |