Zechariah (4/14)  

1. Mənimlə danışan mələk geri qayıdıb məni yuxusundan oyanan adam kimi oyatdı.
2. O məndən soruşdu: «Nə görürsən?» Mən dedim: «Büsbütün qızıldan olan bir çıraqdan görürəm. Onun başında zeytun yağı üçün bir qab, üzərində yeddi çıraq, çıraqlarda isə yeddi lülə var.
3. Çıraqdanın yanında isə biri yağ qabının sağında, o biri solunda olmaqla iki zeytun ağacı var».
4. Sonra mənimlə danışan mələkdən soruşdum: «Ay ağam, bunlar nədir?»
5. Mənimlə danışan mələk «Bunların nə olduğunu bilmirsənmi?» deyə soruşdu. Mən də «yox, ağam» dedim.
6. O mənə cavab verdi: «Zerubbabilə Rəbbin sözü budur: “Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi.
7. Sən kimsən, ey uca dağ? Zerubbabilin önündə düzənliyə çevriləcəksən. O “nə gözəldir, nə gözəldir” nidaları altında Məbədin təpə daşını götürəcək».
8. Mənə Rəbbin sözü nazil oldu:
9. «Bu evin təməlini Zerubbabilin əlləri qoydu, Onun əlləri də bunu sona çatdıracaq. Onda biləcəksən ki, Ordular Rəbbi Məni sizin yanınıza göndərib.
10. Bu günü kim əhəmiyyətsiz hesab edə bilər? Məhz bu gün adamlar Zerubbabilin əlində şaqulu görəndə sevinəcək. Bu yeddi çıraq isə Rəbbin bütün yer üzündə dolaşan gözləridir».
11. Mən ondan soruşdum: «Bəs çıraqdanın sağ və solunda olan bu iki zeytun ağacı nədir?»
12. Sonra yenə soruşdum: «İki qızıl borucuq vasitəsilə içindən qızıl rəngində yağ axan bu iki zeytun budağı nədir?»
13. O məndən soruşdu: «Bunların nə olduğunu bilmirsənmi?» Mən də «yox, ay ağam» dedim.
14. O mənə dedi: «Bunlar bütün yer üzünün Sahibinin önündə duran məsh olunmuş iki nəfərdir».

  Zechariah (4/14)