| ← Zechariah (2/14) → |
| 1. | Mən başımı qaldırıb baxdım və əlində ölçü ipi olan bir adam gördüm. |
| 2. | «Hara gedirsən?» deyib soruşdum. O mənə dedi: «Yerusəlimi ölçməyə, en və uzunluğunun nə qədər olduğunu öyrənməyə gedirəm». |
| 3. | Mənimlə danışan mələk yanımdan çıxanda başqa bir mələk onu qarşılamağa gəldi |
| 4. | və ona dedi: «Qaç, o cavana söylə ki, içində adamlar Və heyvanlar çox olduğu üçün Yerusəlim divarsız bir şəhər olacaq. |
| 5. | “Mən Özüm onun ətrafında odlu divara çevriləcəyəm, Onun içində izzət olacağam” bəyan edir Rəbb». |
| 6. | «Haydı, haydı! Şimal ölkəsindən qaçın» deyir Rəbb, «Çünki sizi göydə dörd tərəfə əsən Külək kimi dağıtmışdım» deyir Rəbb. |
| 7. | «Haydı! Ey Sion, sən ki Babil şəhərində yaşayırsan, qaçıb qurtar!» |
| 8. | Çünki Ordular Rəbbi deyir ki, İzzəti üçün sizi qarət etmiş millətlərin yanına Məni göndərdi. Sizə toxunan Onun göz bəbəyinə toxunmuş olur. |
| 9. | Mən o millətlərə qarşı əlimi qaldıracağam, Əsarətlərində olanlar onları qarət edəcək. Onda biləcəksiniz ki, Məni Ordular Rəbbi göndərmişdir. |
| 10. | «Şadlıq edib sevin, ey Sion qızı! Çünki aranızda yaşamağa gəlirəm» bəyan edir Rəbb. |
| 11. | «O gün çoxlu millətlər Rəbbə bağlanacaq, Mənim xalqım olacaq. O zaman aranızda yaşayacağam. Siz biləcəksiniz ki, Məni yanınıza Ordular Rəbbi göndərib. |
| 12. | Rəbb müqəddəs torpaqda Yəhudanı Öz payı olaraq mülk alacaq, Yenə Yerusəlimi seçəcək. |
| 13. | Ey bütün bəşər, Rəbbin önündə susun! Çünki O Öz müqəddəs məskənindən qalxıb gəlir!» |
| ← Zechariah (2/14) → |