| ← Zechariah (12/14) → |
| 1. | Bu xəbərdarlıq İsrail barədə nazil olan Rəbbin sözüdür: göyləri yayan, yerin təməlini qoyan, insanın içindəki ruha şəkil verən Rəbb belə bəyan edir: |
| 2. | «Bax Yerusəlimi ətrafındakı bütün xalqları səndələdən şərab dolu kasa edəcəyəm. Yerusəlim kimi Yəhuda da mühasirəyə alınacaq. |
| 3. | O gün Yerusəlimi bütün xalqlar üçün ağır bir daş edəcəyəm. Onu qaldıranların hamısı ağır yaralanacaq. Dünyanın bütün millətləri ona qarşı birləşəcək. |
| 4. | O gün hər atı dəhşətə, süvarisini dəliliyə düçar edəcəyəm» bəyan edir Rəbb, «Mən Yəhuda nəslinə göz qoyacağam, amma o biri xalqların bütün atlarını kor edəcəyəm. |
| 5. | Onda Yəhuda başçıları ürəklərində deyəcək: “Özlərinin Allahı Ordular Rəbbinin ucbatından Yerusəlimdə yaşayanlar mənim üçün qüvvə olub”. |
| 6. | O gün Yəhuda başçılarını odunların arasında yanan bir manqal, dərzlərin ortasında alovlanan bir məşəl kimi edəcəyəm. Hər tərəfdə – sağda və solda olan bütün xalqları yandırıb məhv edəcəklər. Yerusəlimlilər isə yenə öz şəhərlərində yaşayacaq. |
| 7. | Mən Rəbb əvvəlcə Yəhuda xalqının məskənlərini qurtaracağam. Ona görə ki Davud nəsli və Yerusəlimdə yaşayanlar Yəhudadan çox şərəfli olmasın. |
| 8. | Mən Rəbb o gün Yerusəlimdə yaşayanları qoruyacağam. O gün onların arasında ən gücsüz adam Davud kimi, Davud nəsli isə Allah kimi, onlara başçılıq edən Rəbbin mələyi kimi olacaq. |
| 9. | O gün Yerusəlimə hücum etmək üçün gələn bütün millətləri məhv etməyə çalışacağam. |
| 10. | Davud nəsli və Yerusəlimdə yaşayanların üzərinə lütf və yalvarış ruhunu tökəcəyəm. Onlar Mənə – bədənini deşdikləri şəxsə baxacaq və vahid oğluna yas tutan adam kimi ona yas tutacaq, ilk oğlu üçün dərd çəkən adam kimi dərd çəkəcək. |
| 11. | O gün Yerusəlimdə böyük matəm olacaq, Megiddo düzənliyində, Hadad-Rimmonda olduğu kimi böyük matəm olacaq. |
| 12. | Ölkədə hər nəsil öz içində yas tutacaq: Davud nəsli ayrı, qadınları ayrı, Natan nəsli ayrı, qadınları ayrı, |
| 13. | Levi nəsli ayrı, qadınları ayrı, Şimey nəsli ayrı, qadınları ayrı yas tutacaq. |
| 14. | Bütün qalan nəsilləri ayrı-ayrı, qadınları isə ayrı yas tutacaq. |
| ← Zechariah (12/14) → |