| ← Titus (3/3) |
| 1. | İmanlılara xatırlat ki, başçılar və hakimlərə tabe olub itaət etsinlər. Hər cür xeyirli iş görməyə hazır olsunlar. |
| 2. | Heç kimə şər atmasınlar, davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim davransınlar. |
| 3. | Çünki bir zamanlar biz də ağılsız, itaətsiz, yolunu azmış, müxtəlif ehtiraslar və zövqlərə qul olan, kin, paxıllıq içində yaşayan mənfur və bir-birimizə nifrət edən adamlar idik. |
| 4. | Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman |
| 5. | bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. |
| 6. | Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki, |
| 7. | Onun lütfü ilə saleh sayılıb ümidimiz olan əbədi həyatın varisi olaq. |
| 8. | Bu söz etibarlıdır. Mən bunların üzərində dayanmağını istəyirəm ki, Allaha iman etmişlər xeyirxah işlərlə məşğul olmağa diqqət yetirsinlər. Bu, insanlar üçün xeyirli və faydalıdır. |
| 9. | Lakin axmaq mübahisələrdən, nəsil şəcərələrindən, münaqişələrdən, Qanunla bağlı dava-dalaşlardan uzaq dur. Çünki bunlar faydasız və boş şeylərdir. |
| 10. | Təfriqəçi adamdan birinci və ikinci xəbərdarlıqdan sonra əlaqəni kəs. |
| 11. | Belə adamın yolunu azmış və günahkar olduğuna əmin ola bilərsən. O öz-özünü məhkum etmişdir. |
| 12. | Mən Artema və ya Tixiki yanına göndərən kimi çalış ki, yanıma, Nikopolisə gələsən. Çünki qışı orada keçirməyi qərara almışam. |
| 13. | Qanunşünas Zena ilə Apollonu səylə yola sal, qoy onların heç bir şeyə ehtiyacı olmasın. |
| 14. | Qoy bizimkilər də təcili ehtiyacları ödəmək üçün xeyirli işlərlə məşğul olmağı öyrənsinlər ki, bəhrəsiz qalmasınlar. |
| 15. | Yanımdakıların hamısı səni salamlayır. Bizi sevən imanlılara salam söylə. Hamınıza lütf olsun! |
| ← Titus (3/3) |