| Titus (1/3) → |
| 1. | Allahın qulu və İsa Məsihin həvarisi, mən Pauldan salam! Allahın seçdiyi insanların iman edib möminliyə uyğun olan həqiqəti dərk etmələri üçün təyin olundum. |
| 2. | Allah yolu əbədi həyat ümidinə əsaslanır. Bu ümidi yalan danışmayan Allah zaman başlamazdan əvvəl vəd etmişdi. |
| 3. | Xilaskarımız Allah Öz əmrinə görə mənə əmanət edilmiş vəzlə kəlamını vaxtında aşkar etdi. |
| 4. | Ümumi imana görə mənə əsl oğul olan Titə Ata Allahdan və Xilaskarımız Məsih İsadan lütf və sülh olsun! |
| 5. | Tamamlanmamış işləri sahmana salasan və sənə tapşırdığım kimi hər şəhərdə cəmiyyət ağsaqqalları təyin edəsən deyə səni Kritdə saxladım. |
| 6. | Ağsaqqal seçilən şəxs nöqsansız və tək arvadlı olaraq ona sadiq olsun. Övladları imanlı olmalı, mənəviyyatsızlıqda ittiham olunan yaxud itaətsiz olmamalıdır. |
| 7. | Çünki cəmiyyət nəzarətçisi Allahın iş idarəçisi olduğuna görə nöqsansız olmalıdır. Dikbaş, hirsli, şərab düşkünü, zorakı, haqsız qazanca həris olmamalı, |
| 8. | əksinə qonaqpərvər, yaxşılığı sevən, ağıllı-kamallı, saleh, müqəddəs, nəfsinə hakim olmalıdır. |
| 9. | Həm başqalarına sağlam təlimlə nəsihət verməyə, həm də ona qarşı çıxanları təkzib etməyə qadir olsun deyə aldığı təlimə uyğun olan etibarlı kəlamı bərk tutmalıdır. |
| 10. | Çünki, xüsusilə, sünnət tərəfdarları arasında bir çox itaətsiz, boşboğaz və saxtakar insanlar var. |
| 11. | Onları sakitləşdirmək lazımdır. Çünki onlar haqsız qazanc əldə etmək üçün lazımsız şeyləri öyrədərək bəzi ailələri tamamilə alt-üst edirlər. |
| 12. | Onlardan biri – öz peyğəmbərlərindən biri belə demişdir: «Kritlilər daima yalançı, azğın heyvan, tənbəl qarınquludur». |
| 13. | Bu şəhadət etibarlıdır. Ona görə də onları sərt bir şəkildə məzəmmət et ki, imanları sağlam olsun, |
| 14. | Yəhudi əfsanələrinə və həqiqətdən dönən insanların əmrlərinə qulaq asmasınlar. |
| 15. | Paklar üçün hər şey pakdır, ləkəli imansızlar üçünsə pak heç bir şey yoxdur. Amma onların həm düşüncəsi, həm də vicdanı ləkələnmişdir. |
| 16. | Onlar Allahı tanıdıqlarını iqrar edirlər, amma əməlləri ilə bunu inkar edirlər. İyrənc və itaətsizdirlər, heç bir yaxşı iş görməyə yaramazlar. |
| Titus (1/3) → |