| ← SongOfSongs (7/8) → |
| 1. | Ey əsilzadə qızı, başmaqlı ayaqların gözəldir, Budlarını sanki heykəltəraş yonub, cəvahirə bənzəyir. |
| 2. | Göbəyin cürbəcür şərabların tükənmədiyi Dəyirmi piyaləyə bənzəyir. Belin zanbaqlara bürünən Bir dəstə sünbülə bənzəyir, |
| 3. | Döşlərin cüt ceyran balası kimi, Əkiz maral balası kimi qoşadır. |
| 4. | Boynun fil dişi qülləsi kimi gözəldir. Gözlərin Bat-Rabbim darvazası yanındakı Xeşbon hovuzuna bənzəyir. Burnun Dəməşqə baxan Livan qülləsi kimi gözəldir. |
| 5. | Başın Karmel dağı kimi dik durur, Başındakı tellər tünd qırmızı rəngə çalır, Padşah zülfünün əsiri olur. |
| 6. | Nə qəşəngsən, nə şirinsən, Ey məlahətli sevgilim. |
| 7. | Qamətin xurma ağacına, Döşlərin salxımlara bənzəyir. |
| 8. | Dedim: «Qoy xurma ağacına çıxım, Meyvəli budaqlarından yapışım». Döşlərindən üzüm salxımları kimi dadım, Nəfəsindən alma ətrini duyum. |
| 9. | Dodaqların gözəl şərab dadı verir. Qız: Bu şərab birbaşa sevgilim üçün tökülsün, Biz yatanların dodaqlarına süzülsün. |
| 10. | Mən sevgiliminkiyəm, Onun meyl etdiyi mənəm. |
| 11. | Sevgilim, gəl çölə gedək, Kəndlərdə gecələyək. |
| 12. | Səhər tezdən üzüm bağlarına gedək, Üzüm tumurcuqlanıbmı, pöhrə veribmi? Narlar çiçəklənibmi? Bunu seyr edək. Qoy orada sevgimi sənə verim. |
| 13. | Ey sevgilim, məhəbbət otları ətir saçır, Qapımızın yanında köhnə, təzə – cürbəcür meyvələr var, Sənin üçün saxlanılıb. |
| ← SongOfSongs (7/8) → |