← SongOfSongs (5/8) → |
1. | Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm, Ətriyyatlarımla mirramı yığmışam. Şanı balını – öz balımı yemişəm, Şərabımı və südümü içmişəm. Qızın rəfiqələri: Ay dostlar, yeyin, Ay sevgililər, için, doyunca için! Qız: |
2. | Yatsam da, qəlbim oyaq idi. Qapını döyən sevgilimin səsi gəldi: «Qapını aç, ay həmdəmim, ay yarım! Ay göyərçinim, ay eyibsizim! İslandı başım şehdən, Saçım gecənin nəmindən». |
3. | Soyunmuşam paltarımı, Geyinimmi təzədən? Yumuşam ayaqlarımı, Bulaşdırımmı yenidən? |
4. | Sevgilim əlini qapının deşiyindən uzatdı, Onun üçün mənim köksüm oynadı. |
5. | Mən sevgilim üçün qapı açmağa qalxdım, Əllərimə mirra damdı, Barmaqlarımdan süzüldü, Cəftə üstə töküldü. |
6. | Mən sevgilimə qapı açanda Sevgilim çıxıb getmişdi. O məni çağıranda huşumu itirmişdim. Mən onu axtardım, tapa bilmədim, Mən onu çağırdım, lakin cavab gəlmədi. |
7. | Şəhər asayişini qoruyanlar məni tapdılar, Döyüb bədənimi yaraladılar, Hasar keşikçiləri örpəyimi açdılar. |
8. | Ey Yerusəlimdəki qızlar, mən sizə and verirəm, Tapsanız sevgilimi, deyin ona: «Mən eşq xəstəsiyəm». Qızın rəfiqələri: |
9. | Ey gözəllər gözəli, Sevgilinin digərlərindən fərqi nədir? Onu fərqləndirən nədir? Axı niyə bizə belə and verirsən? Qız: |
10. | Sevgilim nur saçır, əlvan rənglidir, O, on minlərin arasından seçilir. |
11. | Başı sanki saf qızıldır, Qıvrım saçı qara qarğa tək qaradır. |
12. | Gözləri axar sular kənarındakı göyərçinlərə oxşayır, Süd içində yuyunmuşlar, Öz yuvasında cəvahir tək görünərlər. |
13. | Yanaqları ətirli gülüstana oxşayır, Hər yana ətir saçır, Dodaqları zanbaqlara bənzəyir, Ondan mirra tökülür. |
14. | Əlləri sanki sarı yaqutla bəzənən qızıl budaqdır, Qaməti sanki yaqutlarla naxışlanan fil dişidir. |
15. | Qıçları saf qızıl ayaqlıqlar üstündə dayanan Mərmər sütunlara oxşar. Görkəmi Livanın dağları kimidir, Nadir sidr ağacları kimidir. |
16. | Şirindillidir, Təpədən dırnağadək gözəldir. Ey Yerusəlimdəki qızlar, mənim sevgilim budur, Mənim yarım budur. |
← SongOfSongs (5/8) → |