SongOfSongs (4/8)  

1. Ey yarım, nə gözəlsən, nə gözəlsən, Yaşmaq altda gözlərin göyərçinə oxşayır, Saçların Gilead dağının yamaclarından Tökülən keçi sürüsü tək qapqaradır.
2. Dişlərin qırxılmış, yenicə yuyunub çıxan qoyun sürüsü tək düzülüb, Bu qoyunların hamısının əkiz balası var, Aralarında balasız olanı yoxdur.
3. Dodaqların qırmızı qaytan kimi aldır, Dilin nə qədər şirindir, Kəsilmiş nar kimi yaşmaqladığın yanaqlarından qan damır.
4. Boynun sursat üçün tikilmiş Davud qülləsi kimi vüqarlıdır, Sanki buradan pəhləvan qalxanı olan min sipər asılmışdır.
5. Döşlərin cüt ceyran balası kimi qoşadır, Zanbaqlıqda otlayan əkiz maral balasına oxşayır.
6. Gün sərinləşənəcən, kölgələr düşənəcən, Mirra dağına, kündür təpəsinə gedəcəyəm.
7. Təpədən dırnağa qədər gözəlsən, Yarım, tamamilə eyibsizsən.
8. Ay gəlin, Livan bölgəsindən mənimlə gəl, Gəl, Livandan mənimlə gəl. Amana təpəsindən, Senir, Xermon təpələrindən, dağlardan, Aslanlar yurdundan, dağlardan, bəbirlər məskənindən en.
9. Ay həmdəmim, ay gəlin! Bir baxışınla qəlbimi aldın. Ləl-cəvahiratı boynuna saldın, Gözəlliyinlə qəlbimi aldın.
10. Ay həmdəmim, ay gəlin! Sevgin necə gözəldir, Eşqin şərabdan da ləzzətlidir, Sənin ətrin ətirlərin ən gözəlidir.
11. Ay gəlin, dodaqlarından şanı balı axır, Bal və süd sənin dilinin altındadır. Paltarlarından Livanın ətri gəlir.
12. Ay həmdəmim, ay gəlin! Bir qapısı bağlı bağçasan, Örtülü bir bulaq, möhürlənmiş bulaqsan.
13. Sənin fidanların nar bağçasına oxşayır, Elə bil cənnətdir, orada seçmə meyvələr, Xına və nard çiçəkləri var.
14. Nard çiçəyi və zəfəran, Ətirli qamışla darçınlar, Hər cür buxur ağacı, Mirralar və əzvaylar, Hər cür seçmə ətriyyat var.
15. Sən bağçaların bulağısan, Canlı su qaynağısan, Livanın axar suyusan. Qız:
16. Oyan, ey şimal küləyi, Dur gəl, ey cənub küləyi, Gəlin mənim bağçamda əsin, Qoy o, ətrini hər yana versin. Sevgilim öz bağçasına gəlsin, Seçmə meyvələrdən yesin.

  SongOfSongs (4/8)