| ← SongOfSongs (3/8) → |
| 1. | Yatağımda bütün gecə Könlümün sevgilisini axtardım, Axtardım, amma tapa bilmədim. |
| 2. | Dedim: «Qoy könlümün sevgilisini axtarım, Durub şəhəri dolaşım, Küçələrdə, meydanlarda axtarım». Axtardım, amma tapa bilmədim. |
| 3. | Şəhər asayişini qoruyanlar məni tapdı, Onlardan soruşdum: «Könlümün sevgilisini görməmisiniz ki?» |
| 4. | Onlardan ayrılanda könlümün sevgilisini tapdım, Tutub onu buraxmadım. Onu anamın evinə – Məni doğan qadının otağına apardım. |
| 5. | Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın. |
| 6. | Səhradan keçən, Tüstü sütunları kimi gələn, Tacirlərin ətirli bitkiləri içərisində Mirra və kündür ətri verən kimdir? |
| 7. | Budur Süleymanın taxt-rəvanı! Ətrafını İsrail igidlərindən altmışı bürüyüb. |
| 8. | Onların hamısı qılınc daşıyır, Mahir döyüşçüdür, Hər biri qılıncını belinə bağlayıb, Təhlükəli gecələr üçün hazırlanıb. |
| 9. | Taxt-rəvanını padşah Süleyman Livanın ağaclarından düzəltdirib. |
| 10. | Sütunları gümüşdən, söykənəcəyi qızıldan, Oturacağı tünd qırmızı qumaşdan düzəltdirib, Yerusəlim qızları bu qumaşa zövqlə naxış vurub. |
| 11. | Ey Sion qızları, çıxın, Padşah Süleymana baxın! O, toy günündə, ürəkdən sevindiyi gündə Başına anasının verdiyi tacı qoyub! |
| ← SongOfSongs (3/8) → |