Ruth (3/4)  

1. Bir gün qayınanası Naomi Ruta dedi: «Qızım, sənin ailə xoşbəxtliyin üçün rahat bir yer axtarmayımmı?
2. Bax qulluqçu qızları ilə sahəsində işlədiyin Boaz bizim qohumumuzdur. O bu gecə xırmanda arpa sovurur.
3. Sən də yuyun, ətirlən və ən gözəl paltarını geyinib xırmana en. Amma o yeyib-içməyini qurtarmayınca özünü ona göstərmə.
4. Elə ki yatmağa getdi, yerini tapıb onun ayaqlarının üstünü açaraq ayaq tərəfində yatarsan. Sonra nə etmək lazımdırsa, o özü sənə deyəcək».
5. Rut ona «dediklərinin hamısına əməl edərəm» dedi.
6. Rut xırmana endi və qayınanasının bütün tapşırıqlarına əməl etdi.
7. Boaz yeyib-içib kefi kökələndən sonra yatmaq üçün məhsul tayasının kənarına getdi. Rut da sakitcə gəldi və ayaqlarının üstünü açıb ayaq tərəfində uzandı.
8. Gecə yarısı birdən Boaz səksəndi və çevrilib baxanda gördü ki, ayaqlarının yanında bir qadın uzanıb.
9. O, qadına dedi: «Sən kimsən?» Qadın cavab verdi: «Mən qarabaşın Rutam. Ətəyinlə bu qarabaşının da üstünü ört, çünki sən qəyyumumsan».
10. Boaz dedi: «Qoy Rəbb sənə xeyir-dua versin, qızım! Sonuncu xeyirxahlığın əvvəlkindən də yaxşıdır. Çünki nə kasıb, nə də varlı bir cavanın ardınca düşdün.
11. Qızım, daha qorxma! Dediyin hər şeyi sənin üçün edəcəyəm. Şəhərimizin bütün əhalisi yaxşı bilir ki, sən xeyirxah qadınsan.
12. Düzdür, sənin qəyyumun mənəm, amma məndən də yaxın qəyyumun var.
13. Bu gecəni qal, sabah əgər o adam sənə qəyyum olmaq istəsə, çox yaxşı, qoy olsun. Yox, əgər bundan imtina etsə, var olan Rəbb haqqı, sənin qəyyumun mən özüm olacağam. Hələlik sabaha qədər yat».
14. Rut onun ayaqlarının yanında sübhədək yatdı və səhərin alaqaranlığında – hələ gözün yaxşı seçmədiyi vaxtda ayağa qalxdı, çünki Boaz demişdi: «Qoy heç kəs bilməsin ki, xırmana bu qadın gəlib».
15. Sonra Boaz Ruta dedi: «Üst örtüyünü götür, burada tut». Rut örtüyünü götürüb kənarından tutdu. Boaz altı ölçü arpanı örtüyün üstünə töküb ona verdi. Rut şəhərə qayıtdı.
16. O, qayınanasının yanına gələndə qayınanası ona dedi: «Necə oldu, qızım?» Rut Boazla olan hər şeyi Naomiyə danışdı,
17. sonra dedi: «O mənə altı ölçü arpa verib dedi ki, qayınananın yanına əliboş qayıtma».
18. Naomi Ruta dedi: «Qızım, gözlə, gör bu işin sonu necə qurtarır, çünki o adam bu işi bu gün axıra çatdırmayınca sakit olmayacaq».

  Ruth (3/4)