| Ruth (1/4) → |
| 1. | Hakimlərin hökm etdiyi günlərdə ölkədə qıtlıq oldu. Elə bu vaxtlarda Yəhudanın Bet-Lexem şəhərindən bir kişi arvadı və iki oğlu ilə birgə müvəqqəti yaşamaq üçün Moav torpağına köçdü. |
| 2. | Bu kişinin adı Elimelek, arvadının adı Naomi, bir oğlunun adı Maxlon, o birinin adı isə Kilyon idi. Onlar Yəhudanın Bet-Lexem şəhərindən olan Efratlılar idi. Bu adamlar gəlib Moav torpağında yaşadılar. |
| 3. | Bir gün Naominin əri Elimelek öldü və o, iki oğlu ilə qaldı. |
| 4. | Oğulları özlərinə Moav qadınlarından arvad aldı. Bu qadınların birinin adı Orpa, o birinin adı isə Rut idi. Onlar on ilə yaxın bu torpaqda yaşadı. |
| 5. | Sonra Maxlon və Kilyon da öldü, Naomi həm oğulsuz, həm də ərsiz qaldı. |
| 6. | Bir gün Naomi gəlinləri ilə Moav torpağından geri qayıtmaq üçün ayağa qalxdı. O, Moav torpağında eşitmişdi ki, Rəbb Öz xalqına nəzər salaraq onlara çörək vermişdir. |
| 7. | Naomi Yəhuda torpağına qayıtmaq üçün gəlinləri ilə yaşadığı yerdən çıxıb yola düşdü. |
| 8. | Naomi hər iki gəlininə dedi: «Gəlin siz hər biriniz ananızın evinə qayıdın. Sizin mərhumlara və mənə etdiyiniz xeyirxahlığa görə qoy Rəbb sizə xeyirxahlıq etsin. |
| 9. | Rəbb elə etsin ki, hər biriniz ər evində rahatlıq tapasınız». Sonra o, gəlinlərini öpdü və onlar hönkürüb ağladılar. |
| 10. | Gəlinləri ona dedilər: «Xeyr, biz də səninlə birgə xalqının yanına gedirik». |
| 11. | Naomi isə dedi: «Ay qızlarım, qayıdın geri. Axı niyə siz də mənimlə getməlisiniz? Məgər bətnimdə yenə oğullarım var ki, sizə ər olsun? |
| 12. | Qayıdın, ay qızlarım, öz yolunuzla gedin. Mən indi ərə getmək üçün çox yaşlıyam. Desəm ki, ümidim var, hətta bu gecə ərə gedib oğullar doğacağam, |
| 13. | onlar böyüyənə qədər gözləyərsinizmi? Ərə getməyib səbir edərsinizmi? Yox, qızlarım! Sizin halınıza çox acıyıram, çünki mənə qarşı qalxan Rəbbin əlidir». |
| 14. | Onlar yenə də bərkdən ağlaşdılar. Orpa qayınanasını öpüb vidalaşdı, Rut isə ona sarıldı. |
| 15. | Naomi Ruta dedi: «Bax qaynın arvadı öz xalqının və allahlarının yanına qayıtdı, gəl sən də onun ardınca geri qayıt». |
| 16. | Rut dedi: «Məcbur etmə ki, səni tərk edib Səninlə getməyim. Bil ki, hara getsən, ora gedəcəyəm, Harada qalsan, orada qalacağam; Xalqın xalqım olacaq, Allahın Allahım. |
| 17. | Sən harada öləcəksənsə, Mən də orada öləcəyəm, Orada da basdırılacağam. Əgər ölümdən başqa bir şey Məni səndən ayırarsa, Qoy Rəbb mənə beləsini və Bundan betərini etsin». |
| 18. | Naomi Rutun onunla getmək üçün qəti qərara gəldiyini görəndə bir daha onu dilə tutmadı. |
| 19. | Hər ikisi Bet-Lexemə qədər gedib oraya çatdılar. Bet-Lexemə daxil olanda onları görən bütün şəhər əhalisi hərəkətə gəldi və dedilər: «Bu, Naomi deyilmi?» |
| 20. | Naomi onlara dedi: «Mənə Naomi deməyin, mənə Mara deyin, çünki Külli-İxtiyar həyatımı acı etdi. |
| 21. | Mən buradan dolu çıxdım, Rəbb məni boş qaytardı. Bir halda ki Rəbb məni ittiham etdi, Külli-İxtiyar başıma müsibət gətirdi, daha niyə məni Naomi çağırırsınız?» |
| 22. | Beləliklə, Naomi Moav torpağından onunla birgə gələn gəlini Moavlı Rutla bərabər geri qayıtdı. Onlar Bet-Lexemə arpa biçini başlananda gəldilər. |
| Ruth (1/4) → |