| ← Romans (7/16) → |
| 1. | Ey qardaşlar, bunu Qanunu bilənlərə söyləyirəm, məgər bilmirsiniz ki, insan yalnız sağ ikən qanun onun üzərində hökmə malikdir? |
| 2. | Məsələn, ərli qadın qanunla ərinə o vaxtacan bağlıdır ki, əri sağdır; amma əri öldükdə qadın nikah qanunundan azad olur. |
| 3. | Buna görə də əgər qadın əri sağ ikən başqa bir kişiyə ərə gedirsə, zinakar sayılır. Amma əri ölsə, qadın qanundan azad olur və başqa bir kişiyə ərə getdikdə zinakar olmur. |
| 4. | Eləcə də, qardaşlarım, siz də Məsihin bədəni vasitəsilə Qanuna münasibətdə ölmüsünüz ki, başqasına, yəni ölülər arasından dirilmiş Məsihə məxsus olasınız; belə ki Allah üçün bəhrə verək. |
| 5. | Çünki biz cismani təbiətə görə yaşayarkən günahın Qanun vasitəsilə gələn həvəsləri üzvlərimizdə fəal idi. Buna görə də biz ölüm üçün bəhrə verirdik. |
| 6. | Amma indi əvvəlcə əsiri olduğumuz Qanuna münasibətdə ölüb, ondan azad olduq. Nəticədə yazılı Qanunun köhnə yolunda deyil, Ruhun yeni yolunda qulluq edirik. |
| 7. | Bəs nə deyə bilərik? Qanun günahdırmı? Əsla! Qanun olmasaydı, günahın nə olduğunu bilməzdim. Əgər Qanun «tamah salma» deməsəydi, tamahın nə olduğunu anlamazdım. |
| 8. | Lakin günah bu əmrin vasitəsilə fürsət tapıb məndə hər növ tamah əmələ gətirdi; çünki Qanun olmasa, günah ölüdür. |
| 9. | Bir vaxt Qanun məndə yox ikən mən sağ idim, amma o əmr mənə gələndə günah dirildi, |
| 10. | mənsə öldüm. Beləcə anladım ki, mənə həyat verməli olan bu əmr mənə ölüm gətirdi. |
| 11. | Çünki günah o əmrin vasitəsilə fürsət tapıb məni azdırdı və onunla məni öldürdü. |
| 12. | Buna görə də Qanun müqəddəsdir, əmr də müqəddəs, ədalətli və yaxşıdır. |
| 13. | Belə çıxır ki, yaxşı olan bir şey mənə ölüm gətirdi? Əsla! Məhz günah, günah olduğu aşkar olsun deyə yaxşı olan bir şeyin vasitəsilə mənə ölüm gətirirdi; belə ki günah əmrin vasitəsilə hədsiz günahlı olduğunu göstərsin. |
| 14. | Biz bilirik ki, Qanun ruhanidir, mənsə cismani olub qul kimi günaha satılmışam. |
| 15. | Çünki nə iş gördüyümü anlamıram; istədiyimi deyil, nifrət etdiyim şeyi edirəm. |
| 16. | Əgər istəmədiyimi edirəmsə, onda təsdiq edirəm ki, Qanun yaxşıdır. |
| 17. | Elə isə artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür. |
| 18. | Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm. |
| 19. | İstədiyim yaxşı şeyi etmirəm, amma istəmədiyim pis şeyi edirəm. |
| 20. | Əgər istəmədiyim şeyi edirəmsə, onda artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür. |
| 21. | Beləcə bu nəticəyə gəlirəm ki, yaxşılıq etmək istərkən məndə pislik üzə çıxır. |
| 22. | Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır. |
| 23. | Amma üzvlərimdə başqa bir qanun da görürəm ki, ağlımın təsdiq etdiyi Qanunla mübarizə aparır və üzvlərimdə olan günah qanununa məni əsir edir. |
| 24. | Necə də yazıq insanam! Ölümə düçar olan bu bədəndən məni kim xilas edə bilər? |
| 25. | Rəbbimiz İsa Məsihin vasitəsilə Allaha şükür olsun! Beləcə mən ağlımla Allahın qanununa, cismani təbiətimlə isə günah qanununa qulluq edirəm. |
| ← Romans (7/16) → |