← Romans (12/16) → |
1. | Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir. |
2. | Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz. |
3. | Mənə verilən lütflə sizin hər birinizə deyirəm ki, lazım olduğundan artıq özünüz barədə yüksək fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə ağıl-kamalla düşünün. |
4. | Çünki bizim bir bədənimizdə çoxlu üzvlər olduğu halda onların hər birinin vəzifəsi heç də eyni deyil. |
5. | Eləcə biz də çox olduğumuz halda Məsihdə bir bədənik və ayrı-ayrılıqda bir-birimizə bağlı üzvlərik. |
6. | Allahın bizə bağışladığı lütfə görə müxtəlif ruhani ənamlarımız var. Bir kəsin ənamı peyğəmbərlikdirsə, imanının ölçüsünə görə peyğəmbərlik etsin; |
7. | ənamı xidmətdirsə, xidmət etsin; müəllimlikdirsə, öyrətsin; |
8. | nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün. |
9. | Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. |
10. | Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın. |
11. | Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. |
12. | Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin. |
13. | Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin. |
14. | Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin. |
15. | Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın. |
16. | Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın. |
17. | Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin. |
18. | İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın. |
19. | Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm». |
20. | Əksinə, «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən». |
21. | Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl. |
← Romans (12/16) → |