← Revelation (5/22) → |
1. | Mən taxtda Oturanın sağ əlində bir tumar gördüm ki, onun hər iki tərəfi də yazılmışdı və yeddi möhürlə möhürlənmişdi. |
2. | Həmçinin gördüm ki, qüdrətli bir mələk uca səslə elan edir: «Tumarın möhürlərini qırmağa və onu açmağa kim layiqdir?» |
3. | Amma nə göydə, nə yer üzündə, nə də yer altında bir kəs bu tumarı açmağı yaxud onun içinə baxmağı bacarmadı. |
4. | Mən çox ağladım, çünki tumarı açmağa yaxud onun içinə baxmağa layiq olan bir kəs tapılmadı. |
5. | Onda ağsaqqallardan biri mənə dedi: «Ağlama! Budur, Yəhuda qəbiləsindən olan Aslan, Davudun Kökü qalib gəlib; buna görə də O, tumarı və onun yeddi möhürünü aça bilir». |
6. | Gördüm ki, taxtla dörd canlı məxluqun ortasında və ağsaqqalların arasında bir Quzu dayanıb; O sanki kəsilmiş vəziyyətdə idi. Onun yeddi buynuzu və yeddi gözü var idi ki, bunlar da bütün yer üzünə göndərilmiş Allahın yeddi ruhudur. |
7. | Quzu yaxınlaşıb taxtda Oturanın sağ əlindən tumarı götürdü. |
8. | O, tumarı götürdüyü zaman dörd canlı məxluq və iyirmi dörd ağsaqqal Quzunun önündə yerə qapandı. Hər birinin əlində çəng var idi və buxurla dolu qızıl nimçələr tuturdular ki, bunlar müqəddəslərin dualarıdır. |
9. | Onlar yeni bir nəğmə oxuyaraq deyirdi: «Sən tumarı götürüb Onun möhürlərini qırmağa layiqsən. Çünki Sən kəsildin Və hər tayfadan, dildən, xalqdan və millətdən olanları Allah üçün Öz qanın bahasına satın aldın. |
10. | Onları Allahımızla birgə Padşahlığa və kahinliyə şərik etdin; Onlar da yer üzünə padşahlıq edəcək». |
11. | Taxtın, canlı məxluqların və ağsaqqalların ətrafında saysız-hesabsız mələk gördüm və onların səsini eşitdim. |
12. | Onlar uca səslə deyirdi: «Kəsilmiş Quzu Qüdrəti, sərvəti, hikməti, qüvvəti, Şərəfi, izzəti və alqışı Almağa layiqdir». |
13. | Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oralardakı bütün varlıqların belə dediyini eşitdim: «Taxtda Oturana və Quzuya əbədi olaraq Alqış, şərəf, izzət və qüdrət olsun!» |
14. | Dörd canlı məxluq da «Amin!» deyirdi. Onda ağsaqqallar yerə qapanıb səcdə etdilər. |
← Revelation (5/22) → |