← Revelation (4/22) → |
1. | Bundan sonra gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənimlə danışdığını eşitdiyim, şeypura bənzər səs dedi: «Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm». |
2. | Elə o an mən Ruhun təsirinə düşdüm. Budur, göydə bir taxt qurulub, taxtda da Biri oturub. |
3. | Oturanın görünüşü yəşəm və qırmızı əqiq daşına bənzəyirdi. Taxtın ətrafında da görünüşcə zümrüdə bənzəyən göy qurşağı var idi. |
4. | Taxtın hər tərəfində daha iyirmi dörd taxt var idi və onların üstündə ağ paltar geyinmiş, başında qızıl tac olan iyirmi dörd ağsaqqal oturmuşdu. |
5. | Taxtdan şimşək, uğultu və göy gurultusu çıxırdı. Taxtın önündə yeddi məşəl yanırdı; bunlar Allahın yeddi ruhudur. |
6. | Taxtın önündə sanki büllura bənzəyən şüşə dəniz var idi. Taxtın ətrafında, hər dörd yanında önü də, arxası da gözlərlə örtülmüş dörd canlı məxluq var idi. |
7. | Birinci məxluq aslana, ikinci məxluq danaya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq da uçan qartala bənzəyirdi. |
8. | Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir: «Var Olmuş, Var Olan və Gəlməli Olan Külli-İxtiyar Rəbb Allah Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!» |
9. | Canlı məxluqlar hər dəfə taxtda Oturana, əbədi Yaşayana izzət və şərəf verib şükür edəndə |
10. | iyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə qapanıb əbədi Var Olana səcdə edir və taclarını taxtın önünə atıb deyirlər: |
11. | «Ey bizim Rəbbimiz və Allahımız! Sən izzət, şərəf və qüdrət almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın, Hər şey Sənin iradənlə var olub yarandı». |
← Revelation (4/22) → |