← Revelation (21/22) → |
1. | Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi. |
2. | Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı. |
3. | Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq. |
4. | Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi». |
5. | Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarlı və həqiqidir». |
6. | O mənə dedi: «Tamam oldu! Alfa və Omeqa, Başlanğıc və Axır Mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm. |
7. | Qalib gələn bunları irs alacaq; “Mən ona Allah, o isə Mənə oğul olacaq”. |
8. | Qorxaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür». |
9. | Son yeddi bəla ilə dolu yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışaraq dedi: «Gəl, mən sənə Quzunun arvadı olacaq gəlini göstərim». |
10. | O məni Ruhda böyük və uca bir dağın başına apardı. Oradan mənə göydən, Allahın yanından enən müqəddəs şəhəri, Yerusəlimi göstərdi. |
11. | Allahın ehtişamı orada idi; oradakı işıq ən qiymətli daş – büllur yəşəm daşı kimi parıldayırdı. |
12. | Oranın böyük və uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu. Darvazaların üstündə İsrailin on iki qəbiləsinin adı həkk olunmuşdu. |
13. | Şərqdə üç darvaza, şimalda üç darvaza, cənubda üç darvaza və qərbdə üç darvaza var idi. |
14. | Şəhər divarının on iki təməli var idi və təməllərin üstündə Quzunun On İki həvarisinin adı var idi. |
15. | Mənimlə danışan mələyin əlində şəhəri, oranın darvazalarını və divarını ölçmək üçün bir qızıl ölçü qamışı var idi. |
16. | Şəhər dördbucaqlı şəklində idi və oranın uzunluğu eninə bərabərdir. Mələk qamışla şəhəri ölçdü: oranın uzunluğu, eni və hündürlüyü bərabər olub 12 000 stadi idi. |
17. | O, şəhərin divarını da ölçdü: onun hündürlüyü mələyin istifadə etdiyi insan ölçüsünə görə 144 qulac idi. |
18. | Divar yəşəm daşından tikilmişdi, şəhər isə şəffaf şüşəyə bənzər saf qızıldan idi. |
19. | Şəhər divarının təməlləri hər cür qiymətli daşla – birinci təməl yəşəmlə, ikincisi göy yaqutla, üçüncüsü əqiqlə, dördüncüsü zümrüdlə, |
20. | beşincisi damarlı əqiqlə, altıncısı qırmızı əqiqlə, yeddincisi sarı yaqutla, səkkizincisi berillə, doqquzuncusu topazla, onuncusu zəbərcədlə, on birincisi sirkonla, on ikincisi ametistlə bəzədilmişdi. |
21. | On iki darvaza on iki mirvaridən idi, hər darvaza bir mirvaridən düzəldilmişdi. Şəhərin baş küçəsi isə şüşə kimi şəffaf olan xalis qızıldan idi. |
22. | Mən orada məbəd görmədim, çünki oranın məbədi Külli-İxtiyar Rəbb Allah və Quzudur. |
23. | Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır. |
24. | Millətlər şəhərin işığında gəzəcək, yer üzünün padşahları cah-calalını oraya gətirəcək. |
25. | Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq. |
26. | Millətlərin cah-calal və şərəfi oraya gətiriləcək. |
27. | Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək, yalnız adları Quzunun həyat kitabına yazılanlar girəcək. |
← Revelation (21/22) → |