Revelation (20/22)  

1. Mən göydən enən bir mələyi gördüm. Onun əlində dibsiz dərinliyin açarı və böyük bir zəncir var idi.
2. O, əjdahanı – iblis və Şeytan deyilən o qədim ilanı tutub min il müddətinə zəncirlədi.
3. Onu dibsiz dərinliyə atdı və qapısını bağlayıb möhürlədi ki, min il bitənə qədər millətləri daha aldada bilməsin. Bundan sonra isə o, qısa bir müddətə azad edilməlidir.
4. Taxtları və onların üzərində oturanları da gördüm. Onlara hökm etmək ixtiyarı verildi. İsa barədə şəhadət və Allahın kəlamı uğrunda boynu vurulmuş canları da gördüm. Vəhşi heyvana və onun surətinə səcdə etməyib alınlarına və əllərinə damğanı qəbul etməmişdilər. Onlar dirilib Məsihlə birgə min il padşahlıq etdi.
5. Bu, birinci dirilmədir. Qalan ölülərsə min il bitməyincə dirilmədi.
6. Birinci dirilmədə iştirak edənlər bəxtiyar və müqəddəsdir. İkinci ölümün onlar üzərində səlahiyyəti yoxdur. Əksinə, onlar Allahın və Məsihin kahinləri olub Onunla birgə min il padşahlıq edəcək.
7. Min il bitəndən sonra Şeytan atıldığı zindandan azad ediləcək.
8. Oradan çıxacaq ki, yer üzünün dörd tərəfində olan millətləri – Qoq və Maqoqu aldadıb döyüşə toplasın; onların sayı dəniz qumu qədər çoxdur.
9. Onlar yer üzünün hər tərəfinə hücum edib müqəddəslərin düşərgəsini və sevimli şəhəri mühasirəyə aldılar. Lakin göydən od düşüb onları yandırıb-yaxdı.
10. Onları aldadan iblis də vəhşi heyvanın və yalançı peyğəmbərin atıldığı yerə – odlu kükürd gölünə atıldı. Bunlar gecə-gündüz, əbədi olaraq işgəncə çəkəcək.
11. Böyük ağ taxt və onun üstündə Oturanı gördüm. Yer və göy Onun önündən qaçdı və onlara yer tapılmadı.
12. Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu.
13. Dəniz öz içində olan ölüləri, ölüm və ölülər diyarı da öz qoynunda olan ölüləri təslim etdi. Hər biri öz əməlinə görə mühakimə olundu.
14. Ölüm və ölülər diyarı odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür.
15. Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı.

  Revelation (20/22)