| ← Revelation (19/22) → | 
| 1. | Bundan sonra göydə böyük bir kütlənin səsinə bənzər uca bir səs eşitdim. Onlar deyirdi: «Halleluya! Xilas, izzət və qüdrət Allahımıza məxsusdur! | 
| 2. | Çünki Onun hökmləri Həqiqi və ədalətlidir. O, əxlaqsızlığı ilə yer üzünü azdıran Böyük fahişəni mühakimə etdi, Öz qullarının qanının qisasını Ondan aldı». | 
| 3. | Onlar dedi: «Halleluya! Fahişədən çıxan tüstü əbədi olaraq yüksəlir». | 
| 4. | Onda iyirmi dörd ağsaqqal və dörd canlı məxluq yerə qapanaraq taxtda oturan Allaha səcdə edib dedi: «Amin! Halleluya!» | 
| 5. | Taxtdan da belə bir səs gəldi: «Ey Onun bütün qulları, Böyükdən kiçiyə qədər Ondan qorxanlar, Allahımızı mədh edin!» | 
| 6. | Mən böyük bir kütlənin, gur suların və güclü göy gurultusunun səsinə bənzər bir səs də eşitdim. Bu səs deyirdi: «Halleluya! Çünki Külli-İxtiyar Rəbb Allahımız Padşahlıq taxtına çıxdı! | 
| 7. | Gəlin sevinib şad olaq, Onu izzətləndirək! Çünki Quzunun toyu başlayır. Gəlini özünü hazırlayıb; | 
| 8. | Geyinmək üçün ona Təmiz, parlaq və incə kətan verildi». İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir. | 
| 9. | Onda mələk mənə dedi: «Yaz: Quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardır!» Yenə də mənə dedi: «Bunlar Allahın həqiqi sözləridir». | 
| 10. | Mən ona səcdə etmək üçün ayaqlarına düşdüm. Amma o mənə dedi: «Yox, olmaz! Mən də səninlə və İsa barədə şəhadət edən qardaşlarınla birgə Allahın quluyam. Allaha səcdə et. Çünki İsanın şəhadəti peyğəmbərlərə ilham verir». | 
| 11. | Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür. | 
| 12. | Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb. | 
| 13. | O, qana batmış bir paltar geyinib və Onun adı Allahın Kəlamıdır. | 
| 14. | Göydə olan ordular ağ, təmiz və incə kətan geyinərək ağ atların belində Onun ardınca gedirdi. | 
| 15. | Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq. | 
| 16. | Onun paltarının və budunun üstündə bu ad yazılıb: «Padşahların Padşahı və ağaların Ağası». | 
| 17. | Günəşdə dayanan bir mələyi də gördüm. O, uca səslə nida edib göyün ortasında uçan bütün quşlara dedi: «Allahın böyük ziyafətinə gəlin. Bir yerə yığılın ki, | 
| 18. | padşahların, sərkərdələrin, igidlərin ətini, atların və bellərində oturan atlıların ətini, azadların və qulların, böyük və kiçiklərin hamısının ətini yeyəsiniz». | 
| 19. | Mən gördüm ki, vəhşi heyvan, yer üzünün padşahları və onların orduları atın belində oturan Süvari ilə və Onun qoşunu ilə döyüşməyə toplaşıb. | 
| 20. | Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı. | 
| 21. | Başqaları isə atın belində oturan Süvarinin ağzından çıxan qılıncla həlak oldu. Bütün quşlar da onların ətini yeyib doydu. | 
| ← Revelation (19/22) → |