← Revelation (16/22) → |
1. | Mən məbəddən yeddi mələyə «gedin, Allahın hiddətinin yeddi nimçəsini yer üzünə boşaldın» deyən uca bir səs eşitdim. |
2. | Birinci mələk gedib öz nimçəsini quruya boşaltdı və vəhşi heyvanın damğasını daşıyan, onun surətinə səcdə edən adamlarda pis və ağrılı yaralar əmələ gəldi. |
3. | İkinci mələk öz nimçəsini dənizə boşaltdı və dəniz ölünün qanına bənzər qatı qana döndü, dənizdə olan bütün canlı varlıqlar məhv oldu. |
4. | Üçüncü mələk öz nimçəsini çaylara və su qaynaqlarına boşaltdı və onlar qana döndü. |
5. | Onda mən sular mələyinin belə dediyini eşitdim: «Ey Var Olan, Var Olmuş Müqəddəs Olan, Sən ədalətlisən ki, belə hökm çıxartdın. |
6. | Çünki müqəddəslərin və peyğəmbərlərin qanını tökdülər. Sən də onlara içmək üçün qan verdin. Onlar buna layiqdir». |
7. | Qurbangahdan gələn bir səs də eşitdim: «Bəli, ey Külli-İxtiyar Rəbb Allah, Sənin hökmlərin həqiqi və ədalətlidir». |
8. | Dördüncü mələk öz nimçəsini günəşə boşaltdı və ona adamları odla qarsalamaq gücü verildi. |
9. | Adamları qızmar isti qarsaladı və onlar bu bəlaları idarə edən Allahın adına küfr etdilər, lakin tövbə edib Onu izzətləndirmədilər. |
10. | Beşinci mələk öz nimçəsini vəhşi heyvanın taxtına boşaltdı və onun padşahlığını qaranlıq bürüdü. Adamlar iztirabdan dillərini dişlərinə sıxdılar |
11. | və öz iztirab və yaralarına görə göylərin Allahına küfr etdilər, lakin öz əməllərindən tövbə etmədilər. |
12. | Altıncı mələk öz nimçəsini böyük Fərat çayına boşaltdı və onun suyu qurudu ki, gündoğandan gələn padşahlar üçün yol açılsın. |
13. | Gördüm ki, əjdahanın ağzından, vəhşi heyvanın ağzından və yalançı peyğəmbərin ağzından qurbağaya bənzər üç natəmiz ruh çıxır. |
14. | Bunlar əlamətlər göstərən cin ruhlarıdır və bütün dünyanın padşahlarının yanına gedirlər ki, onları Külli-İxtiyar Allahın böyük günündə baş verəcək döyüşə toplasınlar. |
15. | Rəbb deyir: «Budur, oğru kimi gəlirəm; oyaq qalan, çılpaq gəzərək ayıbını göstərməmək üçün paltarlarını əynində saxlayan kəs nə bəxtiyardır!» |
16. | Bu ruhlar padşahları ibranicə Har-Magedon adlanan yerə topladı. |
17. | Yeddinci mələk öz nimçəsini havaya boşaltdı və məbəddəki taxtdan «Tamam oldu!» deyən uca bir səs gəldi. |
18. | Onda şimşək, uğultu, göy gurultusu və böyük bir zəlzələ baş verdi. Zəlzələ elə güclü idi ki, insanın yer üzündə yaşamağa başladığı dövrdən bəri bundan böyüyü olmamışdı. |
19. | Böyük şəhər üç yerə bölündü və millətlərin şəhərləri dağıldı. Allah tərəfindən böyük Babil yada salındı ki, Allahın şiddətli qəzəb şərabı ilə dolu kasa ona verilsin. |
20. | Bütün adalar aradan qalxdı və dağlar yox oldu. |
21. | Göydən adamların üstünə hərəsinin çəkisi bir talant olan böyük dolu dənələri yağdı. Adamlar dolu bəlasına görə Allaha küfr etdilər, çünki bu bəla çox şiddətli idi. |
← Revelation (16/22) → |