← Revelation (14/22) → |
1. | Mən gördüm ki, Quzu Sion dağında durub. Onunla birlikdə 144 000 nəfər var idi. Onların alnında Quzunun adı və Onun Atasının adı yazılmışdı. |
2. | Mən göydən gur suların sədasına və güclü göy gurultusuna bənzər bir səs eşitdim. Eşitdiyim səs çəng çalanların çənglərinin səsi kimi idi. |
3. | Onlar taxtın, dörd canlı məxluqun və ağsaqqalların önündə yeni bir nəğmə oxuyurlar. Yer üzündən satın alınmış bu 144 000 nəfərdən başqa heç kəs bu nəğməni öyrənə bilmədi. |
4. | Bunlar özlərini qadınlarla ləkələməmiş şəxslərdir, çünki bakirdirlər. Quzu hara getsə, onlar da Onun ardınca gedir. Onlar Allah və Quzu üçün nübar olaraq insanlar arasından satın alındı. |
5. | Ağızlarından heç vaxt yalan çıxmayıb, onlar ləkəsizdir. |
6. | Mən göyün ortasında uçan başqa bir mələk gördüm. O, yer üzündə yaşayanlara – hər millətə, hər tayfaya, hər dilə və hər xalqa yaymaq üçün əbədi bir Müjdə gətirirdi. |
7. | Mələk uca səslə deyirdi: «Allahdan qorxun, Ona izzət verin! Çünki Onun mühakimə edəcəyi vaxt gəldi. Göyü, yeri, dənizi və su qaynaqlarını Yaradana səcdə edin!» |
8. | İkinci mələk də onun ardınca gələrək deyirdi: «Dağıldı, böyük Babil dağıldı! O, əxlaqsızlığının coşğun şərabını bütün millətlərə içirtmişdi». |
9. | Bunların ardınca üçüncü bir mələk də gələrək uca səslə deyirdi: «Kim vəhşi heyvana və onun surətinə səcdə edib öz alnının yaxud əlinin damğalanmasını qəbul edərsə, |
10. | o da Allahın qəzəb kasasına qarışıqsız tökülmüş coşğun şərabından içəcək. Belələrinə müqəddəs mələklərin və Quzunun önündə od və kükürdlə işgəncə veriləcək. |
11. | Onlara verilən işgəncənin tüstüsü əbədi olaraq qalxacaq. Vəhşi heyvana və onun surətinə səcdə edib adına aid damğanı qəbul edənlər gecə-gündüz rahatlıq tapmayacaq». |
12. | Allahın əmrlərinə riayət edən və İsaya imanına sadiq qalan müqəddəslərin gərək dözümü olsun. |
13. | Onda göydən belə deyən bir səs eşitdim: «Yaz: bundan sonra Rəbdə ölənlər nə bəxtiyardır!» Ruh deyir: «Bəli, onlar zəhmətlərindən ayrılıb rahatlıq tapacaqlar, çünki əməllərinin nəticəsi onların ardınca gedir». |
14. | Mən gördüm ki, ağ bir bulud var və buludun üstündə bəşər oğluna bənzər Biri oturub. Onun başında qızıl tac və əlində iti oraq var idi. |
15. | Başqa bir mələk də məbəddən çıxıb buludun üstündə Oturana uca səslə dedi: «Orağını işə sal və biç. Çünki yer üzündəki əkin yetişdiyi üçün biçin zamanı gəldi». |
16. | Onda buludun üstündə Oturan Öz orağını yer üzünə saldı və yer üzü biçildi. |
17. | Başqa bir mələk də göydəki məbəddən çıxdı. Onun əlində də iti oraq var idi. |
18. | Od işinə məsul olan başqa bir mələk də qurbangahdan çıxıb iti orağı olan mələyə uca səslə nida etdi: «İti orağını işə sal və yer üzündəki üzüm tənəyindən salxımları kəs yığ, çünki üzümləri yetişib». |
19. | Mələk orağını yer üzünə salaraq yerdəki üzüm tənəyindən üzümləri kəsib yığdı və Allah hiddətinin böyük üzümsıxanına atdı. |
20. | Üzümlər şəhərdən kənarda olan üzümsıxanda tapdalandı. Üzümsıxandan qan çıxdı və at yüyənlərinə qədər qalxaraq 1600 stadiyə bərabər məsafəyə axdı. |
← Revelation (14/22) → |