← Revelation (13/22) → |
1. | Dənizdən çıxan on buynuzlu və yeddi başlı bir vəhşi heyvan gördüm. Onun buynuzlarının üstündə on kiçik tac var idi, başlarının üzərində isə küfr olan adlar yazılmışdı. |
2. | Gördüyüm vəhşi heyvan bəbirə oxşayırdı. Onun ayaqları ayı ayaqları kimi, ağzı da aslan ağzı kimi idi. Əjdaha ona öz gücünü, taxtını və böyük səlahiyyət verdi. |
3. | Vəhşi heyvanın başlarından biri sanki ölümcül yaralanmışdı, ancaq o, ölümcül yarasından sağaldı. Bütün yer üzü heyrət içində vəhşi heyvanın ardınca getdi. |
4. | Əjdahaya səcdə etdilər, çünki vəhşi heyvana səlahiyyət verən o idi. Həmçinin vəhşi heyvana səcdə edib dedilər: «Kim bu vəhşi heyvana tay olar və onunla döyüşə bilər?» |
5. | Vəhşi heyvana lovğa və küfr danışan bir ağız da verildi. Həm də ona səlahiyyətini qırx iki ay icra etmək izni verildi. |
6. | O, ağzını açdı ki, Allaha küfr etsin, Onun adına, həmçinin məskəninə, yəni göydə məskən salanlara küfr söyləsin. |
7. | Ona izin verildi ki, müqəddəslərlə döyüşüb onlara qalib gəlsin. Həmçinin ona bütün tayfalar, xalqlar, dillər və millətlər üzərində səlahiyyət verildi. |
8. | Kəsilmiş Quzunun həyat kitabına dünya yaranandan bəri adı yazılanlardan savayı, yer üzündə yaşayanların hamısı ona səcdə edəcək. |
9. | Kimin qulağı var, qoy eşitsin. |
10. | Kim əsir olmalıdırsa, Əsirliyə gedir, Kim qılıncla öldürülməlidirsə, Qılıncla öldürülür. Gərək müqəddəslərin dözümü və imanı olsun. |
11. | Mən yerdən çıxan başqa bir vəhşi heyvan da gördüm. Onun quzu buynuzuna oxşayan iki buynuzu var idi, amma əjdaha kimi danışırdı. |
12. | O, birinci vəhşi heyvanın bütün səlahiyyətini onun önündə icra edir, yer üzünü və orada yaşayanları ölümcül yarasından sağalan həmin vəhşi heyvana səcdə etməyə məcbur edir. |
13. | İkinci vəhşi heyvan böyük əlamətlər göstərir, hətta insanların önündə göydən yerə od yağdırır. |
14. | Birinci vəhşi heyvanın önündə göstərilməsinə izin verilmiş əlamətlərlə yer üzündə yaşayanları aldadaraq onlara deyir ki, qılıncla yaralanan, amma sağ qalan həmin vəhşi heyvanın surətini yaratsınlar. |
15. | Ona həmin vəhşi heyvanın surətinə nəfəs vermək qüdrəti verildi ki, bu surət də danışsın və ona səcdə etməyən hər kəsin öldürülməsini əmr etsin. |
16. | İkinci vəhşi heyvan hamını – böyükləri və kiçikləri, varlıları və yoxsulları, azadları və qulları məcbur edir ki, sağ əlləri yaxud alınları damğalansın. |
17. | Beləcə bu damğanı, yəni həmin vəhşi heyvanın adını ya da adını təmsil edən sayı daşımayan bir kəsə alıb-satmağa icazə verilmir. |
18. | Bu işdə müdrik olmaq lazımdır. Kimin ağlı var, qoy bu vəhşi heyvana məxsus sayı hesablasın, çünki bu bir insanın sayıdır. Onun sayı altı yüz altmış altıdır. |
← Revelation (13/22) → |