Revelation (12/22)  

1. Göydə böyük bir əlamət zahir oldu: günəşi əyninə geyinmiş, ayaqları altında ay və başında on iki ulduzlu tac olan bir qadın göründü.
2. O hamilə idi və doğmaq üzrə idi, ağrı və iztirab çəkərək qışqırırdı.
3. Göydə başqa bir əlamət zahir oldu: yeddi başlı, on buynuzlu, başlarının üstündə də yeddi kiçik tac olan böyük və od rəngində əjdaha göründü.
4. Onun quyruğu göy ulduzlarının üçdə birini süpürüb yer üzünə atdı. Əjdaha doğmağa hazırlaşan qadının önündə dayandı ki, qadın doğan kimi onun uşağını udsun.
5. Qadın bir oğlan uşağı doğdu ki, «dəmir əsa ilə bütün millətlərə ağalıq edəcək». Bu uşaq Allahın və Onun taxtının yanına qapılıb götürüldü.
6. Qadınsa çölə qaçdı. Orada onun min iki yüz altmış gün bəslənməsi üçün Allah tərəfindən hazırlanmış yeri var.
7. Göydə döyüş oldu. Mikael və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü,
8. amma gücləri çatmadı. Göydə artıq onlara yer qalmadı.
9. O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı.
10. Mən göydə uca bir səsin belə dediyini eşitdim: «İndi Allahımızın xilası, gücü, Padşahlığı və Onun Məsihinin hakimiyyəti həyata keçdi. Çünki bacı-qardaşlarımızı Allahımızın önündə Gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı.
11. Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə Ona qalib gəldilər. Hətta ölümlə üzbəüz olanda da Öz canlarını sevmədilər.
12. Buna görə də, ey göylər və Orada məskən salanlar, bayram edin! Qurunun və dənizinsə vay halına! Çünki iblis böyük hiddətlə yanınıza endi, Bilir ki, onun az vaxtı qalıb».
13. Əjdaha yer üzünə atıldığını görəndə oğlan uşağı doğan qadının ardınca düşdü.
14. Amma qadına böyük qartalın iki qanadı verildi ki, çölə – öz yerinə uçsun və orada, ilandan kənarda bir vaxt, vaxtlar və yarım vaxt ərzində bəslənsin.
15. İlan qadının ardınca ağzından sel kimi su püskürdü ki, sel onu aparsın.
16. Lakin quru qadına kömək etdi: quru ağzını açdı və əjdahanın ağzından püskürdüyü seli içib qurtardı.
17. Onda əjdaha qadına qəzəbləndi, onun nəslindən Allahın əmrlərinə riayət edən və İsa barədə şəhadət edən başqaları ilə döyüşmək üçün getdi və dəniz sahilinin qumları üzərində dayandı.

  Revelation (12/22)