← Revelation (10/22) → |
1. | Mən göydən enən başqa bir güclü mələyi gördüm. O, buluda bürünmüşdü və başının üstündə göy qurşağı var idi. Üzü günəşə, ayaqları da od sütununa bənzəyirdi. |
2. | Əlində açılmış kiçik bir tumar var idi. O, sağ ayağını dənizin üstünə, sol ayağını isə quruya qoydu. |
3. | Aslan nəriltisinə bənzər uca səslə nida etdi. O nida edəndə yeddi göy gurultusu öz səsi ilə danışdı. |
4. | Yeddi göy gurultusu danışdığı zaman mən yazmağa hazırlaşırdım ki, göydən danışan bir səs eşitdim: «Yeddi göy gurultusunun söylədiklərini möhürlü saxla, onları yazma». |
5. | Onda dənizdə və quruda dayandığını gördüyüm mələk sağ əlini göyə tərəf qaldırıb |
6. | əbədi Var Olanın, göyü və oradakıları, yeri və oradakıları, dənizi və oradakıları Yaradanın adına and içərək dedi: «Daha möhlət verilməyəcək, |
7. | amma yeddinci mələyin şeypur çalacağı günlər Allahın sirli niyyəti, qulları olan peyğəmbərlərə açdığı kimi tam yerinə yetəcək». |
8. | Göydən eşitdiyim səs yenə də mənimlə danışıb belə dedi: «Get, dənizdə və quruda dayanan mələyin əlindəki açılmış kiçik tumarı götür». |
9. | Mən də mələyin yanına gedib ona dedim ki, kiçik tumarı mənə versin. O mənə dedi: «Onu götür, ye. O sənin mədəndə acı, ağzında isə bal kimi şirin olacaq». |
10. | Mən tumarı mələyin əlindən götürüb yedim. O, ağzımda bal kimi şirin idi, amma onu yeyəndən sonra mədəmdə acılıq oldu. |
11. | Mənə belə də deyildi: «Sən gərək yenə də çoxlu xalq, millət, dil və padşah barədə peyğəmbərlik edəsən». |
← Revelation (10/22) → |