| ← Psalms (97/150) → |
| 1. | Rəbb hökmranlıq edir, qoy yer üzü şadlıq etsin, Qoy bütün adalar sevinsin. |
| 2. | Buludlar və zülmət Onun ətrafındadır, Salehliklə ədalət taxtının təməlidir. |
| 3. | Onun önündən alov çıxar, Ətrafındakı düşmənləri yandırıb-yaxar. |
| 4. | Şimşəkləri dünyaya işıq saçar, Yer üzü bunu görəndə sarsılar. |
| 5. | Dağlar Rəbbin hüzurunda – Bütün yer üzünün Sahibinin hüzurunda mum tək əriyər. |
| 6. | Göylər salehliyini bəyan edər, Əzəmətini bütün xalqlar görər. |
| 7. | Bütün bütpərəstlər, Xeyirsiz bütlərlə öyünənlər rüsvay olacaq! Ey bütün allahlar, Rəbbə səcdə edin! |
| 8. | Ya Rəbb, Sənin hökmlərini Sion eşidib sevinir, Yəhuda qızları cuşa gəlir. |
| 9. | Çünki bütün yer üzərində, Ya Rəbb, Haqq-Taala Sənsən! Bütün allahların üzərində Sən nə qədər yüksəksən! |
| 10. | Ey Rəbbi sevənlər, şərə nifrət edin! O, möminlərinin canını qoruyar, Onları pislərin əlindən qurtarar. |
| 11. | Salehlərin üstünə nur tökülər, Ürəyidüz olanların üstünə sevinc səpilər. |
| 12. | Ey salehlər, Rəbbə görə sevinin, Onun müqəddəs adına şükür edin! |
| ← Psalms (97/150) → |