← Psalms (95/150) → |
1. | Gəlin Rəbbi mədh edək, Bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək, |
2. | Şükür edərək hüzuruna gedək, Cuşa gəlib ilahilərlə Ona nida edək! |
3. | Axı Rəbb böyük Allahdır, Bütün allahlar üzərində əzəmətli Padşahdır. |
4. | Yerin dərin qatları Onun əlindədir, Həm də dağların zirvələri Onundur, |
5. | Onunkudur dəniz, Özü yaratmış, Torpağı əlləri qurmuş! |
6. | Gəlin Ona səcdə edək, əyilək, Bizi yaradan Rəbbin hüzurunda diz çökək. |
7. | Çünki O, Allahımızdır, Biz Onun otlağının xalqıyıq, Əlinin altındakı sürüsüyük. Əgər bu gün Onun səsini eşitsəniz, |
8. | «Qoy ürəkləriniz Merivada olduğunuz kimi, Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın. |
9. | Orada atalarınız Məni sınadılar, Əməllərimi görsələr də, Məni yoxladılar. |
10. | Qırx il o nəsildən zəhləm getdi. Dedim: “Onlar azğın ürəkli xalqdır, Yollarımı tanımır”. |
11. | Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”». |
← Psalms (95/150) → |