| ← Psalms (94/150) → |
| 1. | Ya Rəbb, qisas alan Allah! Ey qisas alan Allah, nurunu saç! |
| 2. | Ey dünyanın Hakimi, qalx, Təkəbbürlülərin əvəzini ödə! |
| 3. | Ya Rəbb, nə vaxtadək pislər – Axı nə vaxtadək pislər sevincdən cuşa gələcəklər? |
| 4. | Dillərindən lovğa sözlər tökülür, Bütün şər iş görənlər öyünürlər. |
| 5. | Ya Rəbb, xalqını əzirlər, Sənin irsindən olan adamlara zülm edirlər. |
| 6. | Dul qadını və qəribi öldürürlər, Yetimləri qırırlar. |
| 7. | Belə deyirlər: «Rəbb heç nə görmür, Yaqubun Allahı heç nə dərk etmir». |
| 8. | Dərk edin, ey xalqın nadanları! Ey axmaqlar, nə vaxt ağla gələcəksiniz? |
| 9. | Qulaqları yaradan eşitməzmi? Gözlərə quruluş verən görməzmi? |
| 10. | Məgər millətlərə təlim verən, İnsanlara bilik öyrədən tənbeh etməzmi? |
| 11. | Rəbb insanın düşüncələrini görər, Bunların boş olduğunu bilər. |
| 12. | Ya Rəbb, bəxtiyar o insandır ki, ona təlim vermisən, Öz qanununu öyrətmisən! |
| 13. | Pislər üçün qəbir qazılanadək Onu dar gündən çıxarıb dinclik verəcəksən. |
| 14. | Çünki Rəbb xalqını Özündən ayırmaz, İrsini Öz əlindən verməz. |
| 15. | Yenə ədalətli hökmlər çıxarılacaq, Ürəyidüz olanlar haqqın ardınca gedəcək. |
| 16. | Kim mənim üçün pislərə qarşı durar? Şər iş görənlərə qarşı kim müdafiəçim olar? |
| 17. | Əgər Rəbb köməyim olmasaydı, Canım sükut diyarına vaxtsız köçərdi. |
| 18. | Mən «ayağım büdrəyir» deyən zaman, Ya Rəbb, mənə məhəbbətinlə dayaqsan. |
| 19. | Mən daxilən çox narahat olarkən Təsəlli verərək məni fərəhləndirirsən. |
| 20. | Qanun bəhanəsi ilə şər quran Əzazil hökmdarlardan Sənə yoldaş olarmı? |
| 21. | Əlbir olub salehlərin canına qəsd qururlar, Məhkum edib təqsirsizin qanına bais olurlar. |
| 22. | Amma Rəbb mənə qala oldu, Allahım mənə sığınacaq bir qaya oldu! |
| 23. | Pislərin şər işlərini başlarına gətirəcək, Pisliklərinə görə onları yox edəcək, Bəli, Allahımız Rəbb onları yox edəcək! |
| ← Psalms (94/150) → |