| ← Psalms (92/150) → |
| 1. | Nə yaxşıdır Rəbbə şükür etmək, Ey Haqq-Taala, isminə tərənnüm söyləmək, |
| 2. | Hər səhər məhəbbətini elan etmək, Hər gecə sədaqətini bəyan etmək, |
| 3. | On telli alətin avazı ilə, Çəngin, liranın sədası ilə oxumaq. |
| 4. | Çünki, ya Rəbb, əməllərinlə məni sevindirmisən, Əllərinin işlərinə görə Səni mədh edirəm. |
| 5. | Ya Rəbb, Sənin işlərin nə qədər əzəmətlidir, Sənin fikirlərin dərindən dərindir! |
| 6. | Nadan insan bunu heç vaxt bilməz, Axmaq insan bunu dərk etməz: |
| 7. | Pislər ot kimi bitsə də, Bütün şər iş görənlər çiçəklənsə də, Əbədilik yox olacaqlar. |
| 8. | Amma, ya Rəbb, Sən əbədi ucasan. |
| 9. | Ya Rəbb, düşmənlərin mütləq qırılacaq, Bütün şər iş görənlər darmadağın olacaq. |
| 10. | Sən mənə çöl öküzü kimi güc vermisən, Başıma təzə zeytun yağı çəkmisən. |
| 11. | Düşmənlərimin yerə sərilməsini gözlərimlə gördüm, Bədxahlarımın can verməsini qulaqlarımla eşitdim. |
| 12. | Salehlər xurma ağacı kimi göyərir, Livandakı sidr ağacı kimi böyüyür. |
| 13. | Onlar Rəbbin evində əkilib, Onlar Allahımızın həyətində göyərir. |
| 14. | Qocalanda da bar verəcəklər, Təravətli, yamyaşıl qalacaqlar, |
| 15. | Belə deyəcəklər: «Rəbb haqdır, O mənim qayamdır, Onda haqsızlıq yoxdur». |
| ← Psalms (92/150) → |