| ← Psalms (91/150) → |
| 1. | Haqq-Taalanın pənahında yaşayan, Külli-İxtiyarın kölgəsində oturan insan |
| 2. | Rəbb haqqında belə söyləyir: «O mənim sığınacağımdır, qalamdır, Allahımdır, Ona güvənirəm». |
| 3. | Bil ki, O səni ovçunun tələsindən, Ağır xəstəliyə düşüb ölməkdən qurtarar. |
| 4. | Səni qanadlarının altına alar, Pərlərinin altında sığınacaqsan. Sədaqəti qalxanın, sipərin olar. |
| 5. | Nə gecənin kabusundan, Nə də gündüz atılan oxdan, |
| 6. | Nə zülmətdə dolanan ağır xəstəlikdən, Nə də günorta məhvedici qırğından qorxmazsan. |
| 7. | Yanında min nəfər, Sağında on min nəfər qırılsa, Sənə xətər dəyməz. |
| 8. | Gözlərinlə baxacaqsan, Pislərin cəzasını görəcəksən. |
| 9. | «Ya Rəbb, sığınacağımsan!» dediyin üçün, Haqq-Taalaya sığındığın üçün |
| 10. | Şərə düçar olmazsan, Bəla çadırından uzaq qaçar. |
| 11. | Allah sənə görə mələklərinə əmr edər ki, Gedəcəyin hər yerdə səni qorusunlar, |
| 12. | Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin. |
| 13. | Şiri, gürzəni ayaqlayarsan, Gənc aslanı, əfi ilanı tapdalayarsan. |
| 14. | «Mən Rəbbi sevdiyinə görə onu azad edəcəyəm, İsmimi tanıdığına görə onu yüksəldəcəyəm. |
| 15. | Məni çağırarkən ona cavab verəcəyəm, Dar günündə ona yar olacağam, Onu xilas edib şərəfə-şana çatdıracağam. |
| 16. | Onu uzun ömürlə doyduracağam, Ona qurtuluşumu göstərəcəyəm». |
| ← Psalms (91/150) → |