| ← Psalms (90/150) → |
| 1. | Ey Xudavənd, bütün nəsillərdən bəri Bizə pənah yeri olmusan. |
| 2. | Dağlara təvəllüd verməmişdən əvvəl, Kainatı, dünyanı doğmazdan əvvəl Əzəldən axıradək Allah Sənsən. |
| 3. | İnsanları torpağa çevirirsən, Deyirsən: «Qoy bəşər övladları toza dönsün». |
| 4. | Sənin gözündə min il ötən bir günə, Bir gecə növbəsinə bənzər. |
| 5. | İnsanları silirsən, çəkilirlər, Elə bil ki yuxudurlar. Sanki sübh çağı yerdə bitən otdurlar, |
| 6. | Səhər boy atar, çiçək açar, Axşamsa solar, quruyar. |
| 7. | Qəzəbindən məhv oluruq, Hiddətindən vəlvələyə düşürük. |
| 8. | Hüzurunda təqsirlərimizi üzə çıxarmısan, Gizli günahlarımıza üzünün işığını salmısan. |
| 9. | Ömür-günümüz Sənin qəzəbin altında keçir, İllərimiz bir nəfəs tək tükənir. |
| 10. | Yetmiş il ömür sürərik, Sağlam olsaq, səksənə yetişərik. Ən yaxşı çağımız belə, zəhmətlə, kədərlə keçir, Ömrümüz tez bitir, uçub-gedir. |
| 11. | Axı qəzəbinin gücünü kim dərk edə bilər? Hirsinin vahiməsini kim duya bilər? |
| 12. | Bizə öyrət nə qədər ömrümüz var, Qoy qəlbimiz hikmətli olsun. |
| 13. | Əl çək, ya Rəbb! Nə vaxtadək qəzəbindən dönməyəcəksən? Sən qullarına rəhm et. |
| 14. | Səhər-səhər bizə doyunca məhəbbət göstər, Qoy ömrümüz boyu sevinib fərəhlənək. |
| 15. | Bizi zülmə saldığın günlər qədər, Bəlaya düşdüyümüz illər qədər sevindir. |
| 16. | Əməllərin qullarına, Əzəmətin övladlarına görünsün. |
| 17. | Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et, Əllərimizin zəhmətini uğurlu et, Bəli, bizim əllərimizin zəhmətini uğurlu et. |
| ← Psalms (90/150) → |