← Psalms (9/150) → |
1. | Bütün ürəyimlə Rəbbə şükür edəcəyəm, Bütün xariqələrini deyəcəyəm. |
2. | Sənə görə fərəhimdən sevinib cuşa gələcəyəm, Ey Haqq-Taala, ismini tərənnüm edəcəyəm! |
3. | Düşmənlərim geri dönəndə Sənin önündə səndələyərək yıxılıb məhv olurlar. |
4. | Çünki Sən haqqımı və mübarizəmi gördün, Taxtında oturub ədalətlə hökm etdin. |
5. | Sən millətləri məzəmmət, pisləri yox etdin, Adlarını əbədilik sildin. |
6. | Düşmənin sonu çatdı, o əbədi viran oldu, Şəhərlərini təməlindən qopartdın, bir nişanə qalmadı. |
7. | Rəbb isə əbədi olaraq hökmranlıq edir, O, taxtını hökm üçün qurub. |
8. | Dünyaya ədalətlə hökm edir, Ümmətlərə insafla hakimlik edir. |
9. | Rəbb məzlumların pənahgahıdır, Sıxıntı anlarında müdafiə qalasıdır. |
10. | İsmini tanıyanlar Sənə güvənir, Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən! |
11. | Sionun sakini olan Rəbbi tərənnüm edin! Xalqlar arasında Onun işlərini bəyan edin! |
12. | O, tökülən qanın qisasını alır, yadda saxlayır, Məzlumların fəryadını unutmur. |
13. | Ya Rəbb, rəhm et! Ey ölüm qapılarından məni qurtaran, Mənə nifrət edənlərin üzündən çəkdiyim dərdə bax! |
14. | Sion qızının darvazalarında Qoy Sənə edilən həmdlərimdən danışım, Səndə xilas taparaq şadlanım! |
15. | Millətlər qazdıqları quyuya özləri düşüb, Qurduqları tələyə öz ayaqları ilişib. |
16. | Rəbb Özünü göstərib hökmünü yeritdi, Pislər öz əməlləri ilə tora düşdü. Hiqqayon, Sela |
17. | Pis adamlar ölülər diyarına düşəcək, Allahı unudan bütün millətlər də oraya gedəcək. |
18. | Çünki fəqir adam həmişəlik unudulmaz, Məzlumun ümidi əbədi olaraq boşa çıxmaz. |
19. | Ya Rəbb, qalx, qoy insan qalib gəlməsin, Sənin hüzurunda millətlər məhkum edilsin. |
20. | Ya Rəbb, qoy millətlər Səndən qorxsunlar, Qoy onlar bilsinlər ki, yalnız insandırlar. Sela |
← Psalms (9/150) → |