| ← Psalms (89/150) → |
| 1. | Ya Rəbb, daim məhəbbətindən nəğmə oxuyacağam, Sənin sədaqətini dilim hər nəslə deyəcək. |
| 2. | Deyirəm ki, məhəbbətin əbədiyaşardır, Sədaqətin göylər qədər sarsılmazdır. |
| 3. | Dedin: «Öz seçdiyimlə əhd kəsmişəm, Qulum Davud üçün belə and içmişəm: |
| 4. | “Mən nəslini əbədi sarsılmaz edəcəyəm, Sülaləni taxtında sonsuzadək yaşadacağam”». Sela |
| 5. | Ya Rəbb, göylər Sənin xariqələrinə şükür etsin, Müqəddəslər camaatı arasında sədaqətinə həmd edilsin. |
| 6. | Göydə Rəbbin tayı-bərabəri varmı? İlahi varlıqlar arasında Rəbbin bənzəri varmı? |
| 7. | Müqəddəslər məclisində Allah çox zəhmlidir, Ətrafında olanların hamısından O heybətlidir. |
| 8. | Ya Rəbb, Ordular Allahı, Sənin tək qüdrətli varmı? Səni sədaqətin bürüyüb. |
| 9. | Sən qabaran dənizə hökm edirsən, Aşıb-daşan dalğaları yatırırsan. |
| 10. | Sən Rahavı əzib leşini çıxartdın, Qüvvətli qolunla düşmənləri dağıtdın. |
| 11. | Göylər Sənin, yer üzü Sənin, Qurduğun yer üzündə hər şeyin təməlini qoymusan. |
| 12. | Sən şimalı, cənubu yaratmısan, Tavor və Xermon adına mədh oxuyur. |
| 13. | Qolun nə qədər qüvvətlidir, Sağ əlin ucadır, əllərin qüdrətlidir! |
| 14. | Salehlik və ədalət taxtının təməlidir, Məhəbbət və sədaqət önündə gedir! |
| 15. | Bayram şənliyində olan xalq nə bəxtiyardır! Ya Rəbb, onlar Sənin üzünün nurunda gəzər. |
| 16. | İsminə görə daim sevinirlər, Salehliyinə görə şərəfə çatırlar. |
| 17. | Onların ehtişamı, qüvvəti Sənsən. Sənin lütfündən gücümüz artır. |
| 18. | Çünki sipərimiz Rəbdəndir, Padşahımız İsrailin Müqəddəsidir. |
| 19. | Keçmişdə bir görüntü ilə Möminlərinə belə söylədin: «Bir cəngavərə kömək etdim, Xalqın içindən onu seçib yüksəltdim. |
| 20. | Qulum Davudu tapdım, Müqəddəs yağımla onu məsh etdim. |
| 21. | Əlim daim onu möhkəmləndirəcək, Qolum ona qüvvət verəcək! |
| 22. | Düşmən ona qalib gələ bilməz, Fitnəkarlar ona zülm edə bilməz. |
| 23. | Qarşısındakı düşmənləri qıracağam, Ona nifrət edənləri vuracağam. |
| 24. | Yanında sədaqətim, məhəbbətim olacaq, Gücü ismimlə artacaq. |
| 25. | Dənizlərə əlini, Çaylara sağ əlini çatdıracağam. |
| 26. | Məni çağırıb deyəcək: “Atamsan, Allahımsan, Məni xilas edən Qaya Sənsən!” |
| 27. | Mən də ilk oğul haqqını ona verəcəyəm, Onu yer üzünün ən uca padşahı edəcəyəm. |
| 28. | Ona daim məhəbbətimi göstərəcəyəm, Sadiq qalıb əhdimi pozmayacağam. |
| 29. | Onun nəslini əbədi yaşadacağam, Göylər durduqca taxtını saxlayacağam. |
| 30. | Övladları qanunumu atsalar, Hökmlərimə görə yaşamasalar, |
| 31. | Qaydalarımı pozsalar, Əmrlərimə əməl etməsələr, |
| 32. | Bu qanunsuzluqlarını kötəklə cəzalandıracağam, Təqsirlərini qamçı ilə tənbeh edəcəyəm. |
| 33. | Amma yenə də məhəbbətimi atmaram, Sədaqətimi yalan olmağa qoymaram. |
| 34. | Öz əhdimi pozmaram, Dilimdən çıxan sözləri dəyişmərəm. |
| 35. | Müqəddəsliyim naminə bir dəfə and içmişəm: Davuda yalandan söz verməyəcəyəm. |
| 36. | Sülaləsi taxtda əbədi qalacaq, Taxtı hüzurumda günəş kimi duracaq. |
| 37. | Ay kimi – Göydəki etibarlı şahid kimi sabit qalacaq». Sela |
| 38. | Amma, ya Rəbb, məsh etdiyin padşaha qəzəblənmisən, Sən onu rədd etmisən, ona arxa çevirmisən. |
| 39. | Qulunla bağladığın əhddən imtina etmisən, Tacını toz-torpağa atıb bulaşdırmısan. |
| 40. | Bütün divarlarını yıxmısan, Qalalarını viran etmisən. |
| 41. | Yoldan keçənlər oranı soyub-talayırlar, Qonşuları ona tənə vururlar. |
| 42. | Onun düşmənlərinin sağ əlini yuxarı qaldırmısan, Bütün yağılarını sevindirmisən. |
| 43. | Qılıncının ağzını kütləşdirmisən, Onu döyüşdə qaldırmamısan. |
| 44. | Onu şərəfdən salmısan, Taxtını yerlə yeksan etmisən. |
| 45. | Nə tez onu gəncliyindən saldın, Onu xəcalətə bürüdün. Sela |
| 46. | Ya Rəbb, nə vaxta qədər, Yoxsa əbədilikmi bizdən gizlənəcəksən, Od tutub qəzəbdən yanacaqsan? |
| 47. | Ömrümün nə tez keçdiyini xatırla, Bütün bəşər övladlarını nə fani yaratmısan! |
| 48. | İnsanlar arasında ölüm görməyən kimdir? Kim canını ölülər diyarının pəncəsindən qurtarar? Sela |
| 49. | Ey Xudavənd, əvvəlki məhəbbətin harada qaldı? Çünki bu barədə Davuda sədaqətlə and içdin. |
| 50. | Ey Xudavənd, unutma, gör bu bəndən necədir, Köksümdə nə qədər xalqın tənəsini gəzdirirəm. |
| 51. | Ya Rəbb, düşmənlərinin etdiyi təhqirləri, Məsh etdiyinin yoluna vurduqları tənələri daşıyıram. |
| 52. | Rəbbə əbədilik alqış olsun! Amin, Amin. |
| ← Psalms (89/150) → |