| ← Psalms (88/150) → |
| 1. | Ya Rəbb, ey məni qurtaran Allah, Gecə-gündüz Sənə yalvarıram! |
| 2. | Qoy duam Sənə çatsın, Qulaq as naləmə. |
| 3. | Bəlalardan canım boğazıma gəldi, Həyatım ölülər diyarına yaxınlaşır. |
| 4. | Qəbirə düşənlərin içində sayılıram, Sanki məndə taqət qalmayıb. |
| 5. | Elə bil ölülər içinə düşmüşəm, Yaddaşından silinmişəm, Köməyindən əlimi üzmüşəm, Məzarda yatan meyitlər kimiyəm. |
| 6. | Məni dərin qəbirə, Dərin, qaranlıq bir yerə saldın. |
| 7. | Qəzəbin üstümə gəldi, Təlatümün tamamilə məni əzdi. Sela |
| 8. | Tanışlarımı məndən uzaqlaşdırdın, Onlarda mənə qarşı ikrah yaratdın. Qapalı qalmışam, çıxa bilmirəm, |
| 9. | Bu zülmümdən gözlərimin nuru sönür. Ya Rəbb, hər gün Səni çağırıram, Sənə əl açıram. |
| 10. | Xariqələrini ölülərəmi göstərəcəksən? Kölgələrmi qalxıb Sənə şükür edəcək? Sela |
| 11. | Məhəbbətin məzardamı, Sədaqətin Həlak yerindəmi bəyan olunacaq? |
| 12. | Xariqələrin qaranlıqdamı, Ədalətin unudulma diyarındamı tanınacaq? |
| 13. | Mən isə, ya Rəbb, Səni imdada çağırıram, Duam hər səhər hüzuruna qalxır. |
| 14. | Ya Rəbb, niyə məni rədd edirsən? Niyə məndən üzünü gizlədirsən? |
| 15. | Mən uşaqlıqdan məzlumam, ölümcül haldayam, Göstərdiyin dəhşətlərdən çarəsiz qalmışam. |
| 16. | Qəzəbin üzərimdən basır, Verdiyin vahimələrdən məhv oluram. |
| 17. | Bunlar sel kimi məni dövrəyə salır, Bunlar birgə həmişə başımın üstünü alır. |
| 18. | Yarımı, yoldaşımı məndən uzaqlaşdırmısan, Yalnız qaranlıqla həmdəm olmuşam. |
| ← Psalms (88/150) → |