| ← Psalms (86/150) → |
| 1. | Ya Rəbb, mənə qulaq asıb cavab ver, Çünki mən məzlumam, fəqirəm. |
| 2. | Möminəm, Sən Özün məni qoru, Ey Allahım, Sənə güvənən bəndəni qurtar. |
| 3. | Rəhm et mənə, ey Xudavənd, Çünki bütün gün Səni səsləyirəm! |
| 4. | Bu bəndənin qəlbini sevindir, Ey Xudavənd, Sənə ürəyimi təqdim edirəm. |
| 5. | Çünki Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur. |
| 6. | Ya Rəbb, duamı dinlə, Yalvarışlarımın səsinə qulaq as. |
| 7. | Dar gündə Səni səsləyirəm, Bilirəm ki, mənə cavab verərsən. |
| 8. | Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur, Əməllərin kimi əməl yoxdur. |
| 9. | Ey Xudavənd, yaratdığın millətlərin hamısı hüzuruna gələcək, Sənin ismini izzətləndirərək səcdə edəcək. |
| 10. | Çünki əzəmətli, xariqələr yaradan Sənsən, Yeganə Allah Sənsən! |
| 11. | Ya Rəbb, mənə yolunu göstər, Sənin həqiqətinlə addımlayım. Qəlbimi səmimi et, Qoy Sənin ismindən qorxum. |
| 12. | Ey Xudavənd Allahım, bütün qəlbimlə Sənə şükür edəcəyəm, Daim ismini izzətləndirəcəyəm. |
| 13. | Çünki mənə olan məhəbbətin böyükdür, Canımı ölülər diyarına enməkdən qurtardın. |
| 14. | Ey Allah, lovğalar əleyhimə qalxır, Bir dəstə zalım canımı almaq üçün məni axtarır, Səni qarşılarında görmür. |
| 15. | Ey Xudavənd, Sən rəhmli, lütfkar Allahsan, Hədsiz səbirlisən, məhəbbətin və sədaqətin boldur. |
| 16. | Sən mənə baxıb rəhm et, Bu bəndənə Öz gücündən ver, Kənizinin oğlunu xilas et. |
| 17. | Xeyirxahlığından mənə bir əlamət göstər, Qoy mənə nifrət edənlər görüb utansınlar. Çünki, ya Rəbb, mənə kömək edirsən, Könlümə təsəlli verirsən. |
| ← Psalms (86/150) → |