| ← Psalms (85/150) → |
| 1. | Ya Rəbb, ölkədən razı qaldın, Yaqub nəslini bəxtəvər günlərə qaytardın. |
| 2. | Xalqının təqsirlərini bağışladın, Bütün günahlarını əfv etdin. Sela |
| 3. | Sən bütün hirsini uddun, Qızğın qəzəbini yatırdın. |
| 4. | Ey bizi qurtaran Allah, Bizə bəxtəvər günlərimizi qaytar. Bizə qarşı hiddətindən əl çək. |
| 5. | Əbədilikmi bizə acığın tutacaq? Qəzəbin nəsildən-nəslə qədərmi uzanacaq? |
| 6. | Xalqın Səndən sevinc alsın deyə Bizi yenə dirçəltməyəcəksənmi? |
| 7. | Ya Rəbb, bizə məhəbbətini göstər, Bizi xilas et. |
| 8. | Rəbb Allah nə söyləsə, dinləyirəm. Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki, Onlar öz cəhalətlərinə dönməsinlər. |
| 9. | Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün, Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır! |
| 10. | Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək. |
| 11. | Həqiqət yerdə bitib-göyərəcək, Ədalət göylərdən baxacaq. |
| 12. | Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək, Torpağımız bol məhsul verəcək. |
| 13. | Ədalət Rəbbin önündə addımlayar, Qədəmləri üçün cığır salar. |
| ← Psalms (85/150) → |