← Psalms (84/150) → |
1. | Ey Ordular Rəbbi, məskənin nə qədər əzizdir, |
2. | Qəlbim Rəbbin həyətinin həsrətindədir, Könlüm, cismim var olan Allaha mədh oxuyur. |
3. | Ey Ordular Rəbbi, Padşahım, Allahım, Qurbangahının yaxınında sərçələr yurd salar, Qaranquş bala çıxartmaq üçün yuva qurar. |
4. | Nə bəxtiyardır evində yaşayanlar, Daim Sənə həmd oxuyanlar! Sela |
5. | Nə bəxtiyardır Səndən qüvvət alanlar, Qəlbində Sionu ziyarət etməyi arzulayanlar! |
6. | Baka vadisindən keçərkən Onlara çağlayan bulaqlar görünər, İlk yağışdan ora gölməçələrə bürünər. |
7. | Bu adamlar getdikcə qüvvət alarlar, Sionda Allahın hüzurunda olarlar. |
8. | Ya Rəbb, ey Ordular Allahı, duamı dinlə, Ey Yaqubun Allahı, qulaq as! Sela |
9. | Ey Allah, bizə sipər olana bax, Məsh etdiyinin üzünə bax! |
10. | Sənin həyətində keçən bir günüm Başqa yerdə keçən min günümdən yaxşıdır. Allahımın evinin keşiyində dayanmağım Pislərin çadırında rahat ömür sürməkdən yaxşıdır. |
11. | Axı Rəbb Allah günəşdir, sipərdir, Rəbb lütf və şərəf verir, Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir. |
12. | Ey Ordular Rəbbi, Sənə güvənən nə bəxtiyardır! |
← Psalms (84/150) → |