← Psalms (83/150) → |
1. | Ey Allah, susub səssiz durma! Ey Allah, sakit olma! |
2. | Budur, düşmənlər qiyamət qoparır, Sənə nifrət edənlər Sənin əleyhinə qalxır. |
3. | Xalqına qarşı fənd işlədirlər, Sənin qoruduqlarına qarşı birgə qərara gəlirlər. |
4. | Deyirlər: «Gəlin, onları millət olmasın deyə məhv edək, İsrailin adı xatırlanmasın deyə onları yox edək». |
5. | Ürəkləri bir olaraq qərara gəliblər, Sənə qarşı bunlar əhd ediblər: |
6. | Edomlular, İsmaillilər, Moavlılar, Həcərlilər, |
7. | Geval, Ammon, Amaleq, Filişt və Sur əhalisi. |
8. | Aşşur da onlara qoşulub, Lutun övladlarına kömək edir. Sela |
9. | Başlarına gətir Midyanlılara etdiklərini, Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərini. |
10. | Onlar En-Dorda həlak oldular, Torpaq üçün peyin oldular. |
11. | Əsilzadələrini Orev və Zeev kimi et, Bütün ağalarını Zevah və Salmunna kimi et. |
12. | Onlar demişdilər: «Allahın otlaqlarına sahib olaq». |
13. | Ey Allahım, onları sovrulan toza, Küləyin süpürdüyü saman qırıntısına çevir. |
14. | Meşəni yandıran od kimi, Dağları alışdıran alov kimi |
15. | Onları tufanınla qov, Qasırğanla dəhşətə sal. |
16. | Ya Rəbb, onların üzünü xəcalətə bürü, Qoy Sənin ismini axtarsınlar. |
17. | Əbədilik utanaraq vəlvələyə düşsünlər, Rüsvay olub yox olsunlar. |
18. | Bilsinlər ki, Sənin ismin Rəbdir, Bütün yer üzündə ancaq Sən Haqq-Taalasan! |
← Psalms (83/150) → |