| ← Psalms (81/150) → |
| 1. | Qüvvətimiz olan Allahı mədh edin, Yaqubun Allahına cuşa gəlib nida edin! |
| 2. | İlahi oxuyun, Dəfi, xoş avazlı liranı və çəngi çalın. |
| 3. | Təzə Ay mərasimində, ay bədirlənəndə, Bizim bayram günündə Şeypur çalın! |
| 4. | Çünki bu, İsrail üçün verilən qaydadır, Yaqubun Allahının hökmüdür. |
| 5. | O, Misir əleyhinə çıxanda Yusif nəslinə belə bir öyüd verib. Naməlum bir səs eşitdim: |
| 6. | «Onun çiyinlərini bu yükdən qurtarıram, Qoy əlləri bu ağır səbətdən azad olsun. |
| 7. | Dar günündə Məni çağırdın, Mən də səni qurtardım. Gurlayaraq tufan içindən sənə cavab verdim, Meriva sularında səni sınadım. Sela |
| 8. | Ey xalqım, dinlə, xəbərdarlıq edirəm, Ey İsrail, kaş ki Məni dinləyəydin! |
| 9. | Aranızda özgə allah olmasın, Yad allaha kimsə səcdə qılmasın. |
| 10. | Rəbb Allahınız Mənəm, Mən sizi Misir torpağından buraya gətirmişəm. Ağzını yaxşı aç, Doyunca yemək verirəm. |
| 11. | Lakin xalqım səsimi eşitmədi, İsrail nəsli Məni istəmədi. |
| 12. | Onların inadkar qəlblərinə izin verdim ki, Necə istəyirlər, elə gəzsinlər. |
| 13. | Kaş ki xalqım Mənə qulaq asaydı, İsrail nəsli Mənim yolumla gedəydi! |
| 14. | Bir anda düşmənlərini yerə sərərdim, Əlimi yağılarının üstünə qaldırardım. |
| 15. | Mən Rəbbə nifrət edənlər Mənə boyun əyərdi, Əbədi olaraq vaxtları belə keçərdi. |
| 16. | Sizə taxılın əlasını yedirərdim, Sizi qayadan axan balla bəsləyərdim». |
| ← Psalms (81/150) → |