← Psalms (80/150) → |
1. | Ey İsrailin Çobanı, Yusif nəslinə sürü kimi Baxan, qulaq as! Ey keruvlar üstündə Oturan, nurunu saç! |
2. | Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündə Qoy qüvvətin oyansın, gəl, bizi qurtar! |
3. | Ey Allah, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar! |
4. | Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacan Xalqının duasından qəzəblənəcəksən? |
5. | Onlara çörək yerinə göz yaşı yedirdin, Onlara bolluca göz yaşı içirdin. |
6. | Qonşularımızla bizi çəkişməyə vadar etdin, Düşmən bizi ələ salıb gülür. |
7. | Ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar! |
8. | Misirdən tənək fidanı gətirərək Qovduğun millətlərin torpağında əkdin. |
9. | Bunun üçün sahə hazırlamışdın, Tənək rişələnib ölkəni bürüdü. |
10. | Budaqları dağlara, Böyük sidr ağaclarına kölgə saldı. |
11. | Dənizə qədər qol-budaq atdı, Zoğ atıb Fərat çayına çatdı. |
12. | Bəs niyə ətrafdakı hasarını uçurdun? Budur, yoldan keçən hər kəs məhsullarını qoparır, |
13. | Tənəyi meşənin qabanları korlayır, Onu çöl heyvanları çeynəyir. |
14. | Ey Ordular Allahı, dön, göydən bax, Bu tənəyi gör, qayğısına qal. |
15. | Axı bu fidanı sağ əlinlə əkmisən, Kökünə qüvvət vermisən. |
16. | Tənəyini kəsib yandıranlar Qəzəbli məzəmmətinlə qoy yox olsunlar! |
17. | Sənin əlin, sağ əlin Öz seçdiyin adamı – Qüvvət verdiyin bəşər oğlunu qorusun. |
18. | Qoy Səndən dönüb ayrılmayaq, Bizi elə yaşat ki, ismini çağıraq. |
19. | Ya Rəbb, ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar! |
← Psalms (80/150) → |