← Psalms (78/150) → |
1. | Ey xalqım, təlimimi dinləyin, Dilimdən çıxan sözləri eşidin. |
2. | Ağzımı bu məsəllə açıb Keçmişdəki müəmmaları bəyan edəcəyəm. |
3. | Bunları eşitmişik, bilirik, Bizə atalarımız nəql edib. |
4. | Bunu onların nəvələrindən gizlətməyəcəyik; Rəbbin həmdə layiq işlərini, Onun qüdrətini, etdiyi xariqələri Gələcək nəsillərə söyləyəcəyik. |
5. | Rəbb öyüd vermək üçün Yaqub nəslinə – İsrailə bir təlim qoydu. Ata-babalarımıza əmr etdi ki, Bu təlimi övladlarına öyrətsin. |
6. | Qoy gələcək nəsil də bilsin, Gələcəkdə doğulacaq övladlar da Balalarına bu təlimi verə bilsin. |
7. | Qoy ümidlərini Allaha bağlasınlar, Allahın işlərini unutmasınlar, Əmrlərini yerinə yetirsinlər. |
8. | Qoy ata-babaları kimi olmasınlar, Çünki onlar dikbaş, üsyankar bir nəsil idi. Allaha ürəkləri dönük, Könülləri vəfasız idi. |
9. | Efrayim övladları ox-kamanla silahlandılar, Amma döyüş günü tez geriyə qayıtdılar. |
10. | Allahın əhdini pozanlar belə etdilər, Sənin qanunlarınla yaşamaq istəmədilər. |
11. | Allahın işlərini, Göstərdiyi xariqələrini unutdular. |
12. | Allah Misir torpağında, Soan bölgəsində, Ata-babalarının gözləri önündə xariqələr göstərmişdi. |
13. | Dənizi yarıb onları keçirmişdi, Suları divar kimi saxlamışdı. |
14. | Onlara gündüz buludla, Bütün gecə şəfəq saçan alovla yol göstərmişdi. |
15. | Çöldə qayaları yarmışdı, İçsinlər deyə ümman kimi bol su çıxarmışdı. |
16. | Qayadan suları sel kimi çıxarmışdı, Bu suları çaylar kimi axıtmışdı. |
17. | Amma onlar günah etməyi davam etdirdilər, Səhrada Haqq-Taalaya qarşı üsyankar oldular. |
18. | İştahaları artdı, yemək tələb etdilər, Ürəklərində Allahı sınağa çəkdilər. |
19. | Allahın əleyhinə belə danışdılar: «Məgər Allah çöldə süfrə qura bilər? |
20. | Nə olsun qayaya vuranda sular axdı, Sellər aşıb-daşdı. Görəsən O, çörək verə bilərmi? Xalqına ət verə bilərmi?» |
21. | Rəbb bunu eşidərkən qəzəbləndi, Yaquba qarşı alovunu yerə tökdü, İsrailə qarşı hiddəti artdı. |
22. | Çünki onlar Allaha inanmırdılar, Onun qurtuluşuna arxalanmırdılar. |
23. | Bununla belə, uca səmaya əmr etdi, Göylərin qapılarını açdırdı. |
24. | Onlara yemək üçün manna yağdırdı, Göylərin taxılını verdi. |
25. | İnsan mələklərin çörəyindən yedi, Onlara doyunca yemək verildi. |
26. | Göylərdə şərq küləyini əsdirdi, Qüdrəti ilə cənub küləyini gətirdi. |
27. | Başlarına toz kimi ət yağdırdı, Onlara dənizdəki qum qədər quşlar göndərdi. |
28. | Düşərgələrinin ortasına, Qaldıqları yerin ətrafına səpələdi. |
29. | Onlar doyunca, çox yedi, İştahaları çəkən şeyləri onlara verdi. |
30. | Lakin iştahaları qurtarmamış, Yemək ağızlarında olarkən |
31. | Allah onlara qarşı hiddətini artırdı, Ətli-canlılarını qırdı, İsrail igidlərini vurub yerə sərdi. |
32. | Bununla belə, günahlarını davam etdirdilər, Onun xariqələrinə inanmadılar. |
33. | Buna görə də günlərini puç etdi, Dəhşətlə ömürlərini sona yetirdi. |
34. | Ölənləri görüb Allahı axtardılar, Geri dönüb Allahı səylə aradılar. |
35. | Yadlarına düşdü ki, Allah onların Qayası idi, Allah-Taala onların Satınalanı idi. |
36. | Lakin ağızları ilə Ona yaltaqlanırdılar, Dilləri ilə Ona yalan danışırdılar. |
37. | Qəlblərində Ona qarşı dönük olmuşdular, Əhdinə vəfasız çıxmışdılar. |
38. | Allah isə rəhmlidir, günahı bağışlayır, Günahkarı yox etmir. Dəfələrlə qəzəbini saxlayır, Hiddətini tamamilə oyanmağa qoymayır. |
39. | Yada saldı ki, onlar yalnız bəşərdir, Onlar əsən, geri dönməyən küləyə bənzəyir. |
40. | Neçə dəfə səhrada Ona qarşı üsyankar oldular, Neçə dəfə çöllükdə Onu kədərləndirdilər! |
41. | Allahı dönə-dönə sınadılar, İsrailin Müqəddəsinin xətrinə dəydilər. |
42. | Xatırlamadılar Onun qüdrətini, Düşməndən azad etdiyi günü, |
43. | Misirdə göstərdiyi əlamətləri, Soan bölgəsində göstərdiyi möcüzələri. |
44. | Misirlilər sulardan içə bilməsinlər deyə Suları qana döndərib çaylardan axıtmışdı. |
45. | Onları göndərdiyi mozalanlara yem etmişdi, Göndərdiyi qurbağalar ölkələrini xarabaya çevirmişdi. |
46. | Əkinlərini tırtıllara, Zəhmətlərinin bəhərini çəyirtkələrə vermişdi. |
47. | Üzümlərini dolu ilə, Firon ənciri ağaclarını şaxta ilə məhv etmişdi. |
48. | Naxırlarını dolu ilə, Sürülərini şimşəklə qırmışdı. |
49. | Onların üzərinə qızğın qəzəbini, Hirsini, hiddətini, dərdləri, Bir qoşun ölüm mələklərini tökmüşdü. |
50. | Qızğın qəzəbinə yol açmışdı, Əsirgəmədən canlarına ölüm vermişdi, Həyatlarına bəla gətirmişdi. |
51. | Hər Misirlinin ilk oğlunu, Ham nəslindən hər kişinin belindən gələn ilk oğlunu qırmışdı. |
52. | Öz xalqını isə qoyun kimi oradan çıxarmışdı, Çöldən onları sürü kimi aparmışdı. |
53. | Onları qorxudan uzaq, asayiş içində aparmışdı, Düşmənləri isə dənizdə qərq olmuşdu. |
54. | Onları Öz müqəddəs torpağına, Sağ əli ilə aldığı dağlar diyarına gətirdi. |
55. | Onların qarşısından başqa millətləri qovdu, Torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı, Yaşamaq üçün yurd-yuvalarını onlara verdi. |
56. | Lakin onlar Allah-Taalanı sınadılar, Ona qarşı üsyankar oldular, Göstərişlərinə əməl etmədilər. |
57. | Ataları kimi dönüklük və xəyanət etdilər, Xarab kamandan atılan ox kimi əyri getdilər. |
58. | Onu səcdəgahları ilə qəzəbləndirdilər, Onu yonma bütləri ilə qısqandırdılar. |
59. | Bunları eşidən Allah çox hiddətləndi, İsraili tamamilə rədd etdi. |
60. | İnsanlar arasında qaldığı çadırını, Şilodakı məskənini tərk etdi. |
61. | Qüdrətini əsarətə, Şərəfini düşmən əlinə təslim etdi. |
62. | Öz xalqını qılıncdan keçirtdi, Öz irsini qəzəbinə düçar etdi. |
63. | İgidləri alov uddu, Nişanlı qızlara toy çalınmadı. |
64. | Kahinləri qılınclarla qırıldı, Arvadları dul qaldı, gözlərinin yaşı qurudu. |
65. | O zaman Xudavənd yuxulu insan kimi oyandı, Sanki şərabın təsirindən ayılan bir pəhləvandır. |
66. | Düşmənlərini vuraraq geri atdı, Əbədi olaraq onları rüsvay etdi. |
67. | Yusifin nəslini rədd etdi, Efrayim qəbiləsini seçmədi. |
68. | Yəhuda qəbiləsini, Sevdiyi Sion dağını seçdi. |
69. | Öz Müqəddəs məkanını səma kimi, Əbədi qurduğu dünya kimi tikdi. |
70. | Çoban olan qulu Davudu seçdi, Onu qoyun ağıllarından götürdü. |
71. | Əmlik quzuların qayğısına qalanı gətirdi, Xalqı Yaqub nəslinin və Öz irsi İsrailin çobanı etdi. |
72. | Davud onları kamil ürəklə otardı, Əlindən gələn məharətlə onları irəli apardı. |
← Psalms (78/150) → |