| ← Psalms (77/150) → |
| 1. | Allahı səsləyirəm, fəryad edirəm, Allahı səsləyirəm, O məni dinlər. |
| 2. | Dar günümdə Xudavəndi axtarıram, Bütün gecə durmadan, Könlüm ovunmadan Ona əl açmışam. |
| 3. | Allahı yada salarkən təlaşa düşürəm, Dərindən fikirləşəndə ruhdan düşürəm. Sela |
| 4. | Qoymursan gözlərimi yumum, Üzgünlükdən danışa bilmirəm. |
| 5. | Düşünürəm keçən günləri, Ötən dövranı, illəri. |
| 6. | Oxuduğum ilahi gecələr yadıma düşür, Ürəyimdə düşünəndə könlüm məndən soruşur: |
| 7. | «Xudavənd məni əbədilikmi tərk edib? Bir daha məndən razı qalmayacaqmı? |
| 8. | Məhəbbəti həmişəlik qurtardımı? Vədi nəsildən-nəslə qədər sona çatdımı? |
| 9. | Allah rəhm etməyi unudubmu, Mərhəmətinin yerini qəzəb tutdumu?» Sela |
| 10. | Dedim: «Bu mənim üçün bəladır, Haqq-Taala daha gücünü göstərmir». |
| 11. | Ya Rəbb, Sənin əməllərini yada salıram, Bəli, xatırlayıram, ta qədimdən xariqələr göstərmisən. |
| 12. | Sənin bütün işlərini dərindən düşünürəm, Əməllərin barədə xəyala dalıram. |
| 13. | Allahın yolu müqəddəsdir. Allah kimi böyük hansı allah var? |
| 14. | Xariqələr yaradan Allah Sənsən, Xalqlar arasında qüdrətini göstərmisən. |
| 15. | Əl uzadıb xalqını, Yaqub, Yusif övladlarını azad etmisən. Sela |
| 16. | Ey Allah, sular Səni gördü, Səni görən sular qorxdu, Hətta ümmanlar lərzəyə gəldi. |
| 17. | Buludlar yağışa döndü, Göylərdən gurultular eşidildi, Hər tərəfə oxların töküldü. |
| 18. | Qasırğanın içindən ildırım çaxdı, Şimşəklər yer üzünə işıq saçdı, Yer lərzəyə gəlib sarsıldı. |
| 19. | Sən dənizdə, ümman sularda yol açdın, Amma ayaq izlərin məlum olmadı. |
| 20. | Sən Musa və Harunun əli ilə Xalqını bir sürü kimi aparmışdın. |
| ← Psalms (77/150) → |