← Psalms (76/150) → |
1. | Allah Yəhudada şöhrətlidir, İsraildə Onun adı böyükdür. |
2. | Çardağı Salemdədir, Məskəni Siondadır. |
3. | Allah orada alovlu oxları, Qalxan-qılıncı və bütün silahları qırdı. Sela |
4. | Ey Allah, şərəfli Sənsən, Ulu dağlardan da əzəmətlisən! |
5. | Cəsur ürəklilər talan oldu, Ölüm yuxusuna daldı, Bütün cəngavərlərin əlləri sustaldı. |
6. | Ey Yaqubun Allahı, Sənin məzəmmətindən Arabaçılar və atlar uyumuş qaldı. |
7. | Sən zəhmlisən, Sən! Qəzəblənəndə qarşında kim dura bilər? |
8. | Öz hökmünü göylərdən elan etdin, Yer vahimələndi və səsini kəsdi. |
9. | Onda, ey Allah, hökm çıxarmaq üçün, Dünyadakı məzlumların hamısını qurtarmaq üçün qalxdın. Sela |
10. | Qəzəbli insanlar belə, Sənə şükür edir, Qəzəbdən qurtulanları Özünə bağlayırsan. |
11. | Allahınız Rəbbə əhd edin və yerinə yetirin, Ey bütün ətraf xalqlar, o Zəhmli Olana xərac gətirin. |
12. | O, hökmdarların nəfəsini kəsər, Dünya padşahlarını vahimələndirər. |
← Psalms (76/150) → |