| ← Psalms (74/150) → | 
| 1. | Ey Allah, niyə bizi əbədilik tərk etmisən? Otlağının sürüsünə niyə qəzəbin alovlanıb? | 
| 2. | Yada sal keçmişdə satın aldığın icmanı, Özünə xalq etmək üçün azad etdiyin tayfanı, Həm də məskənin olan Sion dağını. | 
| 3. | Əbədi viranələrə doğru get, Müqəddəs yerdə hər şeyi düşmən dağıdıb. | 
| 4. | Səcdəgahının ortasında düşmənlər nərə çəkdilər, Bu yerə zəfər bayraqlarını keçirtdilər. | 
| 5. | Sıx meşəni budamaq üçün Balta qaldıran adamlara bənzəyirlər. | 
| 6. | Müqəddəs yerin bütün oyma işlərini Baltalar və çəkiclərlə qırıb tökdülər. | 
| 7. | Sənin Müqəddəs məkanına od vurdular, Adının sakin olduğu yeri uçurub murdarladılar. | 
| 8. | «Bu xalqı biz birgə əzməliyik» deyə düşünərək Ölkədəki bütün səcdəgahları yandırdılar. | 
| 9. | Heç bir rəmzimiz görünmür, Daha peyğəmbərimiz yoxdur. Kimsə bilmir, biz nə vaxtadək belə qalacağıq. | 
| 10. | Ey Allah, nə vaxtadək düşmən Səni söyəcək? Yağı əbədilikmi Sənə küfr edəcək? | 
| 11. | Axı nə üçün əlini geri çəkirsən? Çıxart qoynundan sağ əlini, onları məhv et. | 
| 12. | Ey Allah, əzəldən Padşahımsan, Yer üzünə qurtuluşlar verirsən. | 
| 13. | Sən dənizi Öz qüdrətinlə böldün, Dəniz əjdahalarının başlarını əzdin. | 
| 14. | Sən Livyatanın başlarını əzdin, Onu çöl heyvanlarına yem etdin. | 
| 15. | Sən bulaqlar açıb sellər axıtdın, Həmişəaxar çayları isə qurutdun. | 
| 16. | Gündüz də Sənindir, gecə də Sənin, Ayı və günəşi Sən yaratmısan. | 
| 17. | Sən quru yerin bütün sərhədlərini qoydun, Həm yayı, həm qışı yaratdın. | 
| 18. | Ya Rəbb, unutma, düşmən Səni söyür, Sənin adına axmaq bir xalq küfr edir. | 
| 19. | Öz qumrunun canını yırtıcılara vermə, Məzlumlarının həyatını əsla unutma. | 
| 20. | Özün bizimlə bağladığın əhdə bax! Zorakılıq yuvaları ölkənin hər zülmət yerinə dolub. | 
| 21. | Qoyma əzabkeş yenə də rüsvay olsun, Qoy sənin adına məzlumlar və fəqirlər həmd oxusun. | 
| 22. | Qalx, ey Allah, mübarizəni apar, Unutma ki, axmaqlar həmişə Səni söyür. | 
| 23. | Düşmənlərinin səsini, Əleyhdarlarının daim yüksələn vəlvələsini unutma. | 
| ← Psalms (74/150) → |