← Psalms (73/150) → |
1. | Doğrudan da, İsrail üçün, Ürəyitəmiz olanlar üçün Allah xeyirxahdır. |
2. | Amma mənim ayaqlarım az qala büdrəmişdi, Addımlarım məni yıxmışdı. |
3. | Pislərin firavanlığını görərkən Bu məğrurlara həsəd aparırdım. |
4. | Ölənədək onların ağrıları yoxdur, Vücudları ətə-cana gəlib. |
5. | Onlar başqaları kimi dərdə düşməzlər, Əzab çəkməzlər. |
6. | Çünki təkəbbür onlar üçün boyunbağı kimidir, Zorakılıq libas kimi əyinlərini örtür. |
7. | Köklükdən gözləri dombalıb çıxır, Qəlblərinin pis məqsədləri aşıb-daşır. |
8. | Pis niyyətli sözləri ilə insanlara istehza edirlər, Onlara yuxarıdan baxıb hədə-qorxu gəlirlər. |
9. | Ağızlarını göylərin əleyhinə açırlar, Dillərinin sözləri dünyanı gəzib-dolaşır. |
10. | Ona görə bütün xalq onların tərəfinə keçir, Sözlərini axıradək su kimi içir. |
11. | Deyirlər ki, Allah necə xəbər tutacaq? Haqq-Taala bundan necə xəbərdar olacaq? |
12. | Belədir pis adamlar, Daim arxayındırlar, var-dövlət artırırlar. |
13. | Məgər mən boş yerə qəlbimi təmizləmişdim, Günahsızlıq içində əllərimi yumuşdum? |
14. | Həmişə əziyyətə düşürəm, Hər səhər töhmətə rast gəlirəm. |
15. | Əgər «qoy mən də belə danışım» deyə düşünsəydim, Sənin övladlarına xəyanət edərdim. |
16. | Bunu anlamaq üçün düşünəndə Çətin bir iş kimi gözümə durdu. |
17. | Yalnız Allahın Müqəddəs məkanına girərkən Onların aqibətini dərk etdim. |
18. | Doğrudan da, onları sürüşkən yerə qoymusan, Onları məhvə yuvarlayırsan. |
19. | Onlar bir anda yox olacaqlar, Dəhşət içində itib-batacaqlar. |
20. | Yuxudan ayılanda röyalar unudular, Ey Xudavənd, Sənin oyanışınla bu adamlar boş sayılacaq. |
21. | O vaxt könlüm zəhərlənmişdi, Qəlbim dəlik-deşik olmuşdu. |
22. | Necə axmaq idim, dərrakəm yox idi, Qarşında sanki bir heyvan idim. |
23. | Amma daim Səninlə olmuşam, Mənim sağ əlimdən tutmusan. |
24. | Nəsihətinlə mənə yol göstərirsən, Sonra məni şərəfə çatdıracaqsan. |
25. | Göylərdə Səndən başqa kimim var? Yer üzündə də Səndən başqa heç nə istəmirəm. |
26. | Cismim və ürəyim taqətdən düşsə belə, Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən. |
27. | Budur, Səndən uzaq düşənlər məhv olurlar, Sənə xəyanət edənləri yox edirsən. |
28. | Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır, Xudavənd Rəbbə pənah gətirmişəm, Ona görə bütün işlərini hamıya çatdıracağam! |
← Psalms (73/150) → |