| ← Psalms (72/150) → |
| 1. | Ey Allah, padşaha ədalət ver, Şah oğluna salehlik ver. |
| 2. | Qoy Sənin xalqına salehliklə, Məzlumlara ədalətlə hakimlik etsin. |
| 3. | Xalqın firavanlığı dağlardan aşsın, Salehlər təpələri dolaşsın. |
| 4. | Padşah xalq arasında olan məzlumları qorusun, Fəqirləri xilas etsin, Zalımları əzsin. |
| 5. | Nə qədər günəş və ay varsa, Hər gələn nəsil qoy Səndən qorxsun. |
| 6. | Biçilən tarlaya yağış kimi, Torpağı suvaran gur yağış kimi tökülsün. |
| 7. | Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, Göydə ay durduqca qoy firavanlıq artsın. |
| 8. | Dənizdən-dənizə qədər, Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin. |
| 9. | Onun qarşısında köçəri xalqlar diz çöksün, Düşmənləri isə qoy yerə vurulsun. |
| 10. | Tarşişin və adaların padşahları ona xərac gətirsin, Səba və Seva padşahları ona bəxşiş versin. |
| 11. | Qarşısında bütün padşahlar təzim etsin, Qoy bütün millətlər ona xidmət etsin! |
| 12. | Çünki o imdad deyib çağıran fəqirləri, Məzlumları, köməksizləri qurtarır. |
| 13. | Yoxsula, fəqirə rəhm edir, Fəqirlərin canlarını azad edir. |
| 14. | Onları hədə-qorxudan, zorakılıqdan qurtarır, Onun gözündə bunların qanı qiymətlidir. |
| 15. | Yaşasın padşah! Qoy ona Səba qızılı verilsin, Qoy onun üçün durmadan dua edilsin, Hər gün ona xeyir-dua verilsin. |
| 16. | Qoy ölkənin zəmiləri bol olsun, Dağların başında dalğalansın. Bu ölkə Livan kimi məhsul versin, Qoy şəhərin əhalisi ot kimi bitsin. |
| 17. | Qoy padşahın adı əbədi qalsın, Günəşin ömrü tək adı var olsun. Onun vasitəsilə insanlar xeyir-dua alsın, Onu bütün millətlər bəxtiyar adlandırsın! |
| 18. | Alqış olsun Rəbb Allaha, İsrailin Allahına, Xariqələrin yeganə yaradanına! |
| 19. | Onun şərəfli ad-sanına əbədi alqış olsun, Bütün yer üzü Onun izzətinə bürünsün! Amin! Amin! |
| 20. | Yessey oğlu Davudun duaları burada sona çatır. |
| ← Psalms (72/150) → |