← Psalms (7/150) → |
1. | Ey Rəbb Allahım, Sənə sığınmışam, Məni bütün təqibçilərimdən qurtar, Məni xilas et. |
2. | Yoxsa aslan kimi məni parçalayarlar, Xilas edən olmasa, məni didib-dağıdarlar. |
3. | Ya Rəbb Allahım, əgər günah etmişəmsə, Əllərimdən haqsızlıq gəlibsə, |
4. | Əgər dostuma xəyanət etmişəmsə, Düşmənimi nahaqdan qarət etmişəmsə, |
5. | Qoy məni düşmən qovub tutsun, Bədənimi təpik altına salsın, Şərəfimi yerə vursun. Sela |
6. | Qəzəblə qalx, ya Rəbb, Düşmənlərimin hiddətinə qarşı çıxıb yüksəl! Mənə görə oyan, Hökmünü bəyan et! |
7. | Ümmətlər icması Sənin ətrafına yığılsın, Sən onların başı üzərində ucal, hökmünü ver. |
8. | Rəbb xalqlar üzərində hakimlik edir; Məni mühakimə et, ya Rəbb, Salehliyimə, kamilliyimə görə mənə haqq qazandır! |
9. | Pislərin pisliyi sona yetsin, Salehlərsə möhkəmlənsin! Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən. |
10. | Allah mənim sipərimdir, Ürəyidüz olanları xilas edir. |
11. | Allah adil hakimdir, Hər gün haqsızlığa görə hökm verir. |
12. | Pislər yolundan dönməzsə, O, qılıncını itilər, Ox-kamanını qurar, |
13. | Onlara qarşı ölüm silahları hazırlayar, Yandırıcı oxları ilə nişan alar. |
14. | Pislər hiyləyə hamilə olar, Şər üçün ağrı çəkər, yalan doğar. |
15. | Onlar başqasına quyu qazar, dərinləşdirər, Qazdıqları quyuya özləri düşər. |
16. | Yamanlıqları öz üstlərinə dönər, Zorakılıqları başlarına düşər. |
17. | Rəbbə ədalətinə görə şükür edəcəyəm, Haqq-Taala Rəbbin ismini tərənnüm edəcəyəm! |
← Psalms (7/150) → |