← Psalms (69/150) → |
1. | Ay Allah, məni qurtar, Su çıxıb boğazımacan, |
2. | Dərin bataqlığa batmaqdayam, Ayaq üstə durmağa yer yoxdur. Dərin sulara qərq olmuşam, Sellər məni aparır. |
3. | Fəryad etməkdən taqətim kəsildi, Allahı gözləməkdən Boğazım qurudu, gözümün nuru söndü. |
4. | Boş yerə mənə nifrət edənlər Başımın tükündən çoxdur. Haqsız yerə mənə düşmən kəsilənlər, Məni məhv etmək istəyənlər qüvvətlidir. Oğurlamadığım şeyləri necə qaytara bilərəm? |
5. | Ey Allah, ağılsızlıq etdiyimi bilirsən, Günahlarım Səndən gizli deyil. |
6. | Ey Ordular Rəbbi Xudavənd, Səni gözləyənlər Mənə görə qoy utanmasınlar. Ey İsrailin Allahı, Səni axtaranlar Mənə görə qoy xəcalət içində qalmasınlar. |
7. | Sənin uğrunda üzərimə rüsvayçılıq töküldü, Üzümü xəcalət bürüdü. |
8. | Qardaşlarıma yad oldum, Anamın oğullarına özgə sayıldım. |
9. | Evinin qeyrəti məni yandırıb-yaxdı, Səni təhqir edənlərin rüsvayçılıq təhqirləri altında qaldım. |
10. | Oruc tutub ağlamağımı belə, Mənə rüsvayçılıq saydılar. |
11. | Mən çula bürünəndə Onlara söz oldum. |
12. | Darvazadakı adamlar məndən qeybət edirlər, Sərxoşların dilinin nəğməsinə çevrildim. |
13. | Mənsə, ya Rəbb, Sənə dua edirəm. Ey Allah, münasib gördüyün zaman Bol məhəbbətinə görə mənə cavab ver, Çünki qurtuluşuna etibar etmişəm. |
14. | Məni qurtar, bataqlığa batmayım, Qoy düşmənlərimdən, Dərin sulardan xilas olum. |
15. | Qoy sellər məni aparmasın, Dərinlik məni udmasın, Quyu üstümdə ağzını yummasın. |
16. | Ya Rəbb, mənə cavab ver, Çünki məhəbbətin yaxşıdır. |
17. | Üzünü bu bəndəndən gizlətmə, Tez cavab ver, çünki əzab çəkirəm. |
18. | Yetiş, canımı azad et, Məni düşmənlərimdən xilas et. |
19. | Başıma gələn rüsvayçılığı, Biabırçılığı, xəcaləti bilirsən, Bütün yağılarım qarşındadır. |
20. | Rüsvayçılıq qəlbimi qırdı, Gör necə biçarəyəm. Çox axtardım, halıma yanan tapılmadı, Hey axtardım, təsəlli verən olmadı. |
21. | Mənə yemək əvəzinə öd verdilər, Susayanda sirkə içirtdilər. |
22. | Süfrələri onlar üçün tələ olsun, Müttəfiqləri üçün tor olsun. |
23. | Gözlərinə qara gəlsin, görməsinlər, Belləri onları lərzəyə salsın. |
24. | Qoy qəzəbin onların üzərinə yağsın, Qoy hiddətinin qızğınlığı onları tutsun. |
25. | Düşərgələri viran olsun, Çadırları boş qalsın. |
26. | Çünki Sənin vurduğun insanı təqib edirlər, Yaraladıqlarının dərdini ona qaxınc edirlər. |
27. | Bu təqsirkarları daha da təqsirkar çıxar, Səndən bəraət almasınlar. |
28. | Qoy adları həyat kitabından silinsin, Salehlərlə yanaşı yazılmasın. |
29. | Mən məzlumam, dərdliyəm, Ey Allah, Sənin qurtuluşun məni ucaltsın. |
30. | Allahın isminə ilahilərlə həmd oxuyacağam, Onu şükürlərlə ucaldacağam. |
31. | Mal-qara qurbanından çox Bu, Rəbbin xoşuna gələcək, Buynuzlu, dırnaqlı buğadan çox Bu Ona xoş gələcək. |
32. | Bunu görən məzlumlar qoy sevinsin, Ey Allahı axtaranlar, ürəyiniz dirçəlsin. |
33. | Çünki Rəbb fəqirləri eşidir, Öz əsir xalqına xor baxmır. |
34. | Göy, yer, dənizlər, oradakı canlılar Qoy Rəbbə həmd oxusunlar. |
35. | Çünki Allah Sionu qurtaracaq, O, Yəhuda şəhərlərini bərpa edəcək. Onun xalqı oranı mülk edib məskən salacaq, |
36. | Ora qullarının övladlarına irs olaraq qalacaq, Allahın ismini sevənlər orada sakin olacaq! |
← Psalms (69/150) → |