| ← Psalms (66/150) → |
| 1. | Ey bütün dünya əhli, Cuşa gəlib Allaha nida edin, |
| 2. | Şərəfli ismini tərənnüm edin, Ona şərəflə həmd edin! |
| 3. | Siz Allaha belə deyin: «Əməllərin nə qədər zəhmlidir! O qədər qüdrətlisən ki, Düşmənlərin qarşında diz çökür! |
| 4. | Bütün dünya Sənə səcdə edir, Səni tərənnüm edir, İsmini tərənnüm edir». Sela |
| 5. | Gəlin, Allahın işlərini, Bəşər övladları üçün etdiyi zəhmli əməllərini görün. |
| 6. | Dənizi quruya çevirdi, Çayın sularını saxlayıb xalqını piyada keçirtdi. Biz Allaha görə sevinək! |
| 7. | Qüdrəti ilə əbədi səltənət sürər, Günahkarlar Ona qarşı qalxmasın deyə Göz qoyub millətlərə nəzarət edər. Sela |
| 8. | Ey xalqlar, Allahımıza alqış edin, Ona həmd edin, səsiniz eşidilsin! |
| 9. | Odur canımızı qoruyan, Ayağımızı büdrəməyə qoymayan. |
| 10. | Ey Allah, bizi sınaqdan keçirtdin, Sən bizi gümüş kimi təmizləyib saflaşdırdın. |
| 11. | Sən bizi Öz torunla tutdun, Kürəyimizə ağır yük qoydun. |
| 12. | Sən insanları başımızın üstündən keçirtdin. Oda düşdük, suya düşdük, Axırda bizi Sən bolluğa çıxartdın. |
| 13. | Sənin evinə yandırma qurbanları ilə gələcəyəm, Sənə əhd etdiyim təqdimləri verəcəyəm. |
| 14. | Dar gündə dilim bunları bəyan etdi, Mənim ağzım bu əhdləri söylədi. |
| 15. | Kökəldilmiş heyvanları Sənin üçün yandırma qurbanı verəcəyəm. Qoçların xoş tüstüsü Sənə sarı qalxacaq, Təkələri, öküzləri qurban gətirəcəyəm. Sela |
| 16. | Ey Allahdan qorxanlar, gəlin, dinləyin, Onun mənə nə etdiyini sizə bəyan edim. |
| 17. | Ağzımla Onu səslədim, Dilimlə Onu mədh etdim. |
| 18. | Mən qəlbimdə təqsirə yer versəydim, Xudavənd məni eşitməzdi. |
| 19. | Lakin Allah məni dinlədi, Duamın səsini eşitdi. |
| 20. | Alqış olsun Allaha! Duamı rədd etmədi, Məndən məhəbbətini əsirgəmədi! |
| ← Psalms (66/150) → |